130 ölkədən Prezidentin təşəbbüsünə dəstək: “Perspektivdə töhfələr verəcək” - MÖVQE

14:20 29-06-2020 31

“Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təklifinin beynəlxalq səviyyədə dəstəklənməsi çox mühüm hadisədir”.

Bunu HerGun.Az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Hacıyev deyib. Millət vəkili bildirib ki, Prezidentin təşəbbüsü dünya ictimaiyyəti tərəfindən yüksək səviyyədə qiymətləndirilib.

“Koronavirusun sürətlə yayıldığı bir dövrdə problemlərdən çıxış yolu tapmaq, bəşəriyyəti qlobal böhrandan qurtarmağın yollarını axtarmaq vacibdir. Bu mənada BMT Baş Assambleyasının xüsusi sessiyası müzakirə üçün ən mühüm platforma hesab oluna bilər”, - deyə, S.Hacıyev əlavə edib.

Deputat qeyd edib ki, BMT Baş Assambleyasının xüsusi sessiyası perspektiv üçün töhfələr verəcək:

“Azərbaycan dünyada pandemiyanın miqyasının azaldılması və ya aradan qaldırılması istiqamətində öz həlledici rolunu oynayır. Ölkələrin Prezidentin çağırışına dəstək olması həm də Azərbaycan dövlətinə, onun siyasətinə olan inamın təzahürüdür”.

Xatırladaq ki, Prezident İlham Əliyev mayın 4-də Qoşulmama Hərəkatının onlayn Zirvə Görüşündə çıxışı zamanı qlobal həmrəyliyin nümunəsi kimi pandemiya ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə çıxış etmişdi.

BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə xüsusi sessiyalar keçirə bilər. Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır. BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib ki, təklif Nyu-Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkə arasında yekdilliklə razılaşdırılıb.

Bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT-nin Baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb.

H.Hacıyev bildirib ki, Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, sözügedən müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıb.

Aqşin Kərimov