ABŞ-da COVID-19-a yoluxan uşaqların sayı artdı

15:00 28-07-2020 389

ABŞ-ın Florida ştatında məktəblərin açılması ilə bağlı müzakirələr davam edərkən, koronavirusa yoluxan uşaqların sayının 34 faiz artdığı bildirilir.

“Anadolu” agentliyi xəbər verir ki, ştatın səhiyyə işçiləri COVID-19-a yoluxan 17 yaşdan kiçik uşaqların ümumi sayının iyulun 16-da 23 170 olduğunu, iyulun 24-də isə bu sayın 31 150-ə yüksəldiyini açıqlayıblar.

Beləliklə, ştatda epidemiyadan əziyyət çəkən uşaqlarda yoluxma nisbəti səkkiz gündə 34 faiz artıb.

Digər tərəfdən, epidemiya səbəbindən xəstəxanada müalicə alan uşaqların sayı iyulun 16-da 246 nəfər olsa da, iyulun 24-də 303-ə qalxıb.

Xəstəxanaya yerləşdirilən uşaqların nisbəti səkkiz gündə 23% artıb.

Epidemiyadan əziyyət çəkən və xəstəxanada müalicə alan uşaqların sayında çox artım olan ştatlarda payız aylarında məktəblərin açılması ilə bağlı mübahisələr davam edir.