Yeni tədris ilində neçə şagird təhsil alacaq?

11:00 09-09-2020 47

2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206 şagirdin təhsil alacağı gözlənilir.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır.

Ümumtəhsil məktəblərinin I sinfində 165 511, IX sinfində 132 734, XI-XII sinfində isə 85 044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Proqnoz üzrə 2020-2021-ci tədris ilinin əvvəlinə respublikada 317 ibtidai məktəb, 783 ümumi orta məktəb, 3319 tam orta məktəb, 16 xüsusi tipli məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 60 məktəb-lisey, 50 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4440 məktəbin fəaliyyət göstərəcəyi gözlənilir.

Yeni tədris ilində 121 696 uşağın ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında  təhsil alacağı proqnozlaşdırılır.