Yefremov yenə Paşayevdən imtina etdi

14:20 09-09-2020 448

Ölümcül qəza törətməkdə təqsirli bilinən Rusiyanın Əməkdar artisti Mixail Yefremov yenidən azərbaycanlı vəkili Elman Paşayevdən imtina edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb.

Bundan əvvəl M.Yefremov avqust ayının sonlarında azərbaycanlı vəkildən imtina etdi. Lakin bir gün sonra o, E.Paşayevlə yenidən müqavilə bağladı.

Xatırladaq ki, M.Yefremov iyunun 8-də Moskvanın mərkəzində qəza törədib. Onun maşını əks yola çıxıb və qarşıdan gələn “LADA” markalı nəqliyyat vasitəsinə çırpılıb. Hadisə nəticəsində “LADA”nın sürücüsü Sergey Zaxarov ölüb. Bununla əlaqədar olaraq M.Yefremov səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Aktyor saxlanma şəraitindən şikayətçi olmadığını deyib. Onun sözlərinə görə, kamerada iki qonşusu, həmçinin televizor, elektrik çayniki və çay var.