“BMT dərhal Ermənistanın işğal olunmuş ərazilərə Livandan erməniləri köçürməsinin qarşısını almalıdır”

12:20 12-09-2020 545

Avqustun 4-də Beyrutda baş verən partlayışdan sonra Ermənistan hökuməti beynəlxalq hüququ heçə sayaraq Livandakı erməniləri 30 ildir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə gətirərək buranın əhalisini erməniləşdirməkdə davam edir.

Bunu Trend-ə Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım deyib.

Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldikdən sonra son dərəcə təhlükəli oyun oynamağa başladı:

“Birincisi, Livan kimi ölkələrdən erməniləri Qarabağa və ətrafındakı yeddi rayona yerləşdirir. İkincisi, o insanları əsgərliyə çağırır. Üçüncüsü, PKK kimi terror təşkilatları ilə əməkdaşlıq edir”.

Ş.Ayrım qeyd edib ki, Ermənistan azalan əhali sayını xaricdəki erməniləri gətirərək artırmağa çalışır:

“Məqsəd Dağlıq Qarabağın işğalını və tarixi işğal siyasətlərini davam etdirməkdir. Bu gün Ermənistan əhalisinə baxıldığı zaman yoxsulluq müşahidə edilir. Əgər Ermənistan hakimiyyəti xalqını düşünsə idi, Bakı-Tiflis-Ərzurum boru xətləri, Bakı-Tiflis-Qars dəmiryolu layihələrində iştirak edərdi.

Livandakı partlayışdan sonra köç edənlərə “dur” deyiləcəyini düşünmürəm. Çünki Livanda da Suriya kimi böyük problemlər var. Beynəlxalq təşkilatlar hərəkətə keçməli, BMT dərhal Ermənistanın işğal olunmuş ərazilərə Livandan erməniləri köçürməsinin qarşısını almalı, Qarabağın Azərbaycanın torpağı, Ermənistanın işğalçı ölkə olması ilə bağlı qətnaməsini tətbiq etməlidir”.