Neft bazarında vəziyyət qiymətlərin enməsini labüd edir - ŞƏRH

16:40 14-09-2020 452

Pandemiya dövründə qlobal iqtisadi dinamikanın aşağı düşməsi bir çox sahələrə öz mənfi təsirini göstərdi. Nəticədə qlobal neft bazarlarında neftin qiyməti sürətlə enməyə başladı. İlin əvvəlində OPEC ölkələri arasındakı narazılıqdan qaynaqlanan qiymət azalmaları pandemiyanın fonunda daha da dərinləşdi.

Nəticədə OPEC rəhbərliyi yenidən bir araya gələrək, Vyana sazişinin şərtlərinə yenidən baxdı. Hasilat həcmlərinə təyin edilən kvotaların əməl edilməsinə katiblik üç mərhələli nəzarət təyin etdi. Görülən işlər qlobal bazarlarda nisbətən sabitliyin yaranmasına gətirib çıxardı. Amma son günlər qiymətlərdə yenidən azalmalar müşahidə olunur.

Hazırda Brent markalı neftin bir barrelinin qiyməti 40.38 dollar təşkil edir.

Bəs bu azalmaların səbəbi nədir? Bazardakı qiymət azalmaları nə qədər davam edə bilər?

Enerji məsələri üzrə ekspert Zəfər Vəliyev deyir ki, neftin qiymətində müşahidə olunan azalmaların əsas səbəbi neftə olan tələbin yenidən aşağı düşməsi ilə bağlıdır. Sentyabr ayının əvvəllərindən başlayaraq həm Amerika, həm də Avropa və Asiya bazarlarında neftə olan tələbat kifayət qədər aşağı düşüb: 

“Neft emalı zavodlarının xammalla yüklənməsi Avropa və Asiya regionunda 70-75 faiz civarındadır. Bu isə o deməkdir ki, neftə olan tələbat aşağıdır. Stasionar və üzən anbarlarda tələbatdan artıq neft həcmləri mövcuddur. Avropa Birliyinin üzvü olan ölkələrdə olan anbar mərkəzlərində hazırda 1 milyard 150 milyon barreldən artıq xam neft mövcuddur. Bu statistikaya neft məhsulları aid edilmir. Analoji fakt digər ölkələrdə də mövcuddur. 

İyun-iyul-avqust aylarında neft ixrac edən dövlətlər bütün güclərini Çin bazarına yönəltdilər. Avqust ayında Çin bazarında xam neftlə dolu böyük anbarların sıxlığı müşahidə olundu. Buna görə də sahil terminallarının bir çoxu öz fəaliyyətini dayandırdı. Artıq limanlarda xam neftin qəbulu üçün anbar mərkəzi yox idi. Nəticədə Çinin neft idxalında azalmalar müşahidə olundu”. 

Ekspert bildirdi ki, qarşıdakı aylarda da bu proses davam edəcək:

“Neft məhsullarına olan tələbatın yüksək səviyyədə olmadığı müddətdə bazar təhdid altında olacaq. Bu gün neft bazarlarındakı qiymət azalmaları fyuçers enmələri sayılır.

Fiziki bazarlardakı vəziyyət bundan fərqlidir. Oktyabr-noyabr ayları üçün neftin fyuçers qiyməti 39 dollar civarındadırsa, fiziki bazarda bu qiymətin ən azı 6-7 dollar aşağı olacağı gözlənilir. Artıq dəniz nəqliyyat şirkətlərinə neftin uzun müddət saxlanılması ilə bağlı böyük sifarişlər daxil olub. Bu isə o deməkdir ki, neft ticarəti ilə məşğul olan treyderlər indidən sərbəst güclər əldə etməyə çalışır. Bütün bunlar qarşıdakı aylarda da azalmaların olacağını deməyə əsas verir”. 

Z.Vəliyevin fikrincə, vəziyyətin necə dəyişəcəyi OPEC və OPEC+ ölkələrinin fəaliyyətindən asılıdır: 

“Düşünürəm ki, OPEC öz fəaliyyət strategiyasını dəyişməyə məcburdur. İndiyə kimi OPEC və müttəfiq ölkələr bazarda balansın təmin olunması üçün hasilat kvotalarını əsas götürürdüsə, indi ixrac həcmlərinə kvota tətbiq etməlidir. Çünki qlobal bazarlarda qiyməti hasilat deyil, ixrac həcmləri müəyyən edir. Ona görə də bazar şərtlərinə uyğun olaraq OPEC öz fəaliyyət strategiyasını dəyişməlidir. 

İlin sonuna kimi qiymətlərin 35-36 dollar ətrafında dəyişəcəyi gözlənilir. Qiymətlərdə ciddi artımın olacağını söyləmək olmaz. “Brent” markalı neftin 45-46 dollaradək bahalaşması isə sırf spekulyativ amillərlə bağlı idi. OPEC rəhbərliyi süni qiymət artımı etdikcə stasionar anbarlarda neft həcmlərinin azalacağını düşünürdü. Amma real bazar bu qiyməti həzm edə bilmir. Neft və neft məhsullarına olan tələbat yüksəlmədikcə real qiymət artımından danışmaq olmaz”.