“Qarabağ” niyə mərhələni keçə bilmədi?

11:20 17-09-2020 426

Zaur Xudiyev yazır...

Gəlin bir də soyuq başla təhlil etməyə çalışaq.

Bu mərhələnin taleyinin böyük hissəsi matçdan əvvəl, masada həll olunmuşdu. UEFA-nın əsasnaməsindəki bənddən ustalıqla yararlanan “Molde” oyunu neytral meydana daşımaqla artıq psixoloji üstünlüyü ələ almışdı. “Qarabağ” oyuna 0:1 geridə başlayırdı.

Bununla belə, ilk dəqiqələrdən etibarən meydanda “Qarabağ”ın rəqibindən ən az bir baş üstün olduğu, daha istəkli, daha aqressiv olduğu göründü. Ağdamlıları meydanın özlərinə aid hissəsində, cərimə meydançası həndəvərində dərin müdafiə ilə qarşılayan norveçlilər zaman-zaman boşluqlar versə də, ümumi planda səliqəli müdafiə olunurdular. Onların müdafiə xəttini yarmaq üçün “Qarabağ”ın oyunçuları bir neçə variant yoxlasa da, mərkəzdən edilən bütün cəhdlər nəticəsiz qalırdı. Cinahlara çəkilmək məcburiyyəti yarandı ki, onda da asmaları uzunboy “Molde”lilər rahatlıqla uzaqlaşdıra bildilər.

Ələ düşən imkanlar...

İstər ilk, istər ikinci hissədə, istərsə də əlavə olunmuş vaxtda “Qarabağ”ın ən az 5-7 dəfə hesabı dəyişmək üçün real şansı oldu. Bir epizodda Zubirin, qalan vəziyyətlərdə isə Mahirin səliqəsiz, məsuliyyətsiz yanaşması hər şeyi korladı. Xüsusilə də Zubirin qapıçı ilə təkbətək epizodda tələsməsi, Mahirin iki metrdən topu havaya vurması “Qarabağ” azarkeşlərinin “ah-vay” sədalarını səmaya bülənd etdi.

Oyunun əvvəlində rəqibi geridə qarşılayan, səliqəli müdafiə olunan Norveç çempionu bununla həm də enerjiyə qənaət etdi ki, 120 dəqiqəlik qarşılaşmanın sonunda onlar meydanda diri, ayıq və canlı, bizimkilər isə yorğun və əzgin idilər. Bir neçə epizodda rəqib də qola yaxın oldu.

Şahruddin Məhəmmədəliyev əsasən də penalti epizodunda inamlı oyunu ilə intriqanı saxlamağı bacardı.

Penaltilər... 

Bundan qabaq başqa bir təmsilçimiz – “Keşlə” də ağır keçən 120 dəqiqədən sonra penaltidə uduzmuşdu. Görünən budur ki, hazırda bütün dünyada üzərində çox işlənən, araşdırmalar, statistikalar aparılan bu oyun elementinin Azərbaycanda dəyərini hələ anlamayıblar. Penalti vuruşları artıq lotoreya deyil. Xüsusi hazırlaşmaq, çalışmaq tələb edir. Qurban Qurbanov Bakıya gələn kimi verdiyi açıqlamada özü də etiraf edib ki, heç vaxt bunun üzərində xüsusi işləməyiblər.

Səhvdir, yanlışdır. Sənin komandan bir oyundan ibarət qarşılaşmalarla mərhələ yarışına girirsə, ən xırdasından ən böyüyünə qədər bütün nüansları nəzərə almalı, bütün detalların üstündə işləməlisən. Xüsusilə də penaltilərin... Bunu etmirsənsə, axırda məğlubiyyətə məhkumsan.

Heyətdəki çatışmazlıqlar...

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamaq istəyirdisə, başa düşməliydi ki, bunu 11 oyunçu ilə eləmək alınmayacaq. Alınmadı da. Heç Avroliqanın qrupu üçün də bu heyət kifayət deyil. Oyunun axarını dəyişmək, yeni nəfəs, yeni ruh qatmaq üçün meydana salmağa heç bir oyunçun belə yoxdusa, çox söz danışmaq olmur. Klubun transfer siyasəti, uğursuz həmlələri bu məğlubiyyətdə heç də meydandakı oyunçulardan daha az rol oynamadı.

Səbəbləri, bəhanələri, detalları çox uzatmaq olar, fakt budur ki, keçilməsi mümkün olan, heç də “Qarabağ”dan güclü olmayan komandaya uduzduq və Çempionlar Liqası arzuları bu dəfə də təxirə düşdü. Allah bilir nə vaxta qədər...