Qonzales: “Neymara görə məni və ailəmi ölümlə hədələyirlər” - VİDEO

08:20 04-10-2020 1269

“Marsel”in ispaniyalı müdafiəçisi Alvaro Qonzales “PSJ”nin braziliyalı hücumçusu Neymarla qarşıdurmadan sonra ölüm təhdidləri aldığını etiraf edib.

Bu barədə gazeta.ru xəbər yayıb.

Hadisə sentyabrın 13-də Liqa 1-in 3-cü turu çərçivəsində Neymarın Qonzalesi vurması ilə yaşanıb.

Braziliyalı öz davranışını “Marsel”in oyunçusunun təhrikləri və irqçi təhqirləri ilə arqumentləşdirmişdi.

“Mən bütün mümkün təhdidlərin olduğu iki milyondan çox mesaj almışam. Heç vaxt buna bənzər bir şey görməmişdim. Mənə ailəmin istifadə etdiyi maşınların şəkillərini göndərirlər. Məni öldürmək üçün evimə gələcəklərinə söz veriblər, valideynlərimin çalışdığı mağazanı tapıb, onları öldürəcəklərini deyirlər. Düşünürəm ki, Neymar hərəkətlərinin nəyə gətirib çıxara biləcəyinin fərqində deyil. Ertəsi gün valideynlərim mənə görə qorxduqları üçün yanımda qaldı. Bizim vəziyyətimiz çox pis idi”, - deyə Qonzales bildirib.

Bundan əvvəl Neymar və Qonzalesin davranışlarına görə diskvalifikasiya ediləcəyi bildirilsə də, Peşəkar Futbol Liqasının (LFP) intizam komitəsi oyunçuları cəzalandırmamağa qərar verib.