Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Dağlıq Qarabağa sülh və ədalət tələb edirlər

18:20 05-10-2020 13

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş əraziləri boyu uzanan cəbhə xəttində həyata keçirdiyi artilleriya hücumlarını qəti şəkildə qınayan bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Səhər tezdən Azərbaycan ilə Ermənistan sərhədindən gələn toqquşma xəbərləri, dünyanın gündəmini dəyişdi. Bütün diqqəti BMT Baş Assambleyasının 75-ci il dönümünə yönəlmiş ölkələr bu xəbərdən şok oldular.

BMT baş katibinin beynəlxalq hüquqla tənzimlənən çoxtərəfli dünya nizamına çağırışını təkrarladığı bir vaxtda Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının işğal olunmuş əraziləri boyu cəbhə xəttində həyata keçirdiyi artilleriya hücumlarını qəti şəkildə qınayırıq.

1994-cü ildə əldə olunmuş atəşkəs rejimi o vaxtdan bəri dəfələrlə pozulub, mülki şəxslər hədəfə alınıb. Dünya bir daha agah olsun ki, Ermənistan Respublikası, bu vaxta qədər işağalçı qüvvələrini zəbt etdiyi Azərbaycan torpaqlarından tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 –cü qətnamələrini yerinə yetirməyib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri və İdarə Heyətinin üzvləri adından intensiv səkildə beynəlxalq hüquq pozuntuları ilə qarşı-qarşıya qalan Azərbaycan xalqına həmrəyliyimizi ifadə edirik.

Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə olan hüquqları beynəlxalq səviyyədə qəbul edilmiş, BMT və digər beynəlxalq qurumların qətnamələri ilə dəfələrlə dəstəklənmişdir.

Sərhəd boyunca artmaqda olan son erməni təxribatları nəticəsində həyatını itirənlərin ailələrinə dərin rəğbətimizi çatdırırıq.

Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək üçün göstərdiyi bütün səyləri dəstəkləyirik. Hər iki qonşu dövlətin - Azərbaycan və Ermənistanın prezidentlərini təmkinli olmağa və bütün Cənubi Qafqaz bölgəsinin sabitliyini və təhlükəsizliyini təhlükəyə ata biləcək münaqişənin böyüməsinə yol verməməyə çağırırıq.

Beynəlxalq ictimaiyyəti, xüsusən də Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatını (ATƏT) hazırkı kəskin toqquşmaları aradan qaldırmaq üçün lazımi addımlar atmağa və uzunmüddətli Dağlıq Qarabağ və qanunsuz olaraq işğal edilmiş digər Azərbaycan əraziləri üzrə münaqişənin həlli üçün qanuni öhdəliklərini və mənəvi məsuliyyətlərini yerinə yetirməyə çağırırıq.

Bütün qaçqınlar kimi bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlər torpaqlarına və evlərinə qayıtmağı gözləyirlər. Münaqişə zonasında yaşayan dinc sakinlərin BMT- in Qoruma Məsuliyyətinə çağırış etməyə hüquqları var. Biz Ermənistan ordusunun Azərbaycanın dinc əhaləsini atəşə tutmasını pisləyirik”.