Azərbaycan QHT-ləri ABŞ Konqrensinin Nümayəndələr Palatasının üzvlərinə müraciət edib

19:20 06-10-2020 19

Azrbaycandakı Qeyri-Hökumət Təşkilatları adından ABŞ Konqrensinin Nümayəndələr Palatasının üzvlərinə müraciət ünvanlanıb.

Müraciətdə deyilir:

“Hörmətli ABŞ Konqrensinin Nümayəndələr Palatasının üzvləri!

Biz, Azərbaycan QHT-ləri Konqres üzvü Jackie Speierin 1 oktyabr 2020-ci ildə ABŞ Konqrensinə  təqdim etdiyi 1165 saylı qətnamə layihəsi ilə əlaqədar böyük narahatlıqla Sizə müraciət edirik. Bu qətnamə layihəsindəki müddəaların BMT Təhlükəsizlik Şurasının müvafiq nizamamnamələrini kobud şəkildə pozduğuna və bu illər ərzində ABŞ ilə Azərbaycan arasında qurulan qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin ruhuna zidd olduğuna tam əminik.

Ermənistan, ABŞ da daxil olmaqla bütün dünya ölkələrinin tanıdığı Azərbaycanın ərazi bütövlüyünü qəsdən pozur. Ermənistan ABŞ ilə güclü hərtərəfli əlaqələrə və strateji enerji-təhlükəsizlik tərəfdaşlığına sahib olan Azərbaycana qarşı təxribat xarakterli tədbirlər görür.

Bildiyiniz kimi, 27 sentyabr 2020-ci ildən Ermənistan silahlı qüvvələri müxtəlif çaplı ağır artileriya, həmçinin istifadəsi qadağan olunmuş kasetli bombalar vasitəsi ilə Azərbaycan silahlı qüvvələrinin mövqeləri ilə yanaşı cəbhə xəttində və ondan tamamilə uzaqda olan yaşayış məntəqələrini intensiv atəşdə saxlayır və onlara hücum edir.  Ermənistan Azərbaycan Respublikasının çağırışlarına məhəl qoymadan açıq şəkildə və qəsdən mülki əhalini və uşaq bağçaları, məktəblər, xəstəxanalar kimi mülki infrastrukturu hədəf alır.

5 oktyabr 2020-ci ilədək Ermənistanın top və raket hücumları nəticəsində 25 azərbaycanlı mülki şəxs öldürülüb, 127 nəfər yaralanıb və 500-dən çox yaşayış binası və mülki obyekt dağıdılıb. Ermənistan silahlı qüvvələrinin bölmələri münaqişə zonasından uzaqda yerləşən və əhalinin sıx məskunlaşdığı Naftalan, Yevlax, Ağcabədi, Beyləqan, Bərdə, Şəmkir, Gəncə, Mingəçevir, Xızı və Abşeron rayon və şəhərlərini qəsdən və davamlı atəşə tutur.

Ermənistan silahlı qüvvələri regionun ən böyük su anbarı və əsas elektrik stansiyası yerləşən Mingəçevir sənaye şəhərinə 2 raket hücumu edib. Ermənistam 500.000-dən çox əhalisi olan Azərbaycanın ikinci böyük şəhəri Gəncəni də beynəlxalq konvensiyalarla qadağan edilmiş kaset bombaları ilə atəşə tutub. Bu təxribat xarakterli hərəkətlərlə Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, beynəlxalq humanitar hüququ və digər ölkələri münaqişə tərəfi kimi cəlb etməyə çalışır. 

Beynəlxalq sülhün və təhlükəsizliyin əsas qarantı olan BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinə dair 822, 853, 874 və 884 (1993) saylı qətnamələrində açıq şəkildə Ermənistan silahlı qüvvələrinin işağla etdiyi Azərbaycan Respublikasının ərazilərindən tam və qeyd-şərtsiz çıxarılması tələb olunur. 

Bu qətnamələrdə Azərbaycana qarşı həyata keçirilən təcavüzkar addımlar qınanır, münaqişə tərəfi olmayan mülki şəxslər qorunur və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməz olduğu vurğulanır, eyni zamanda ərazi bütövlüyü, suverenliyi və Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədlərinin toxunulmazlığı təkrarlanır. 

Bu danılmaz faktdır ki, Ermənistan erməni lobbisinin xidmətlərindən istifadə edərək Azərbaycana qarşı işğalçı və təcavüzkar niyyətlərini beynəlxalq aləmdə, o cümlədən ABŞ Konqresində tanıdır. 1165 saylı qətnamə layihəsi erməni lobbi qruplarının Azərbaycan və Türkiyəyə qarşı qərəzli münasibətinə növbəti sübutdur. Qeyd edək ki, ABŞ-dakı Azərbaycan icması da bununla əlaqədar petisiyalar hazırlayıb.

Subyektiv və ədalətsiz qətnamə layihəsi ABŞ-ın Cənubi Qafqaz bölgəsindəki enerji və təhlükəsizlik maraqlarına birbaşa təhlükə yaradır.

Biz  inanırıq ki, ABŞ Konqresi, təklif olunan 1165 saylı qətnamə layihəsini rədd edərək ABŞ ilə Azərbaycan arasındakı uzunmüddətli əməkdaşlığa və hər iki dövlətin milli maraqlarına sadiqliyini nümayiş etdirəcək”.

Müraciəti 290 QHT imzalayıb.