Qətər ABŞ-dan F-35 almağa hazırlaşır

03:00 08-10-2020 368

Qətər dövləti ABŞ-dan 5-ci nəsil F-35 döyüş təyyarələri satın almaq üçün rəsmən müraciət edib.

Bu barədə “Reuters” xəbər agentliyi məlumat yayıb. Agentlik 3 fərqli rəsmi mənbəyə istinadən yaydığı məlumatda rəsmi müraciətin ötən həftə Vaşinqtona göndərildiyi qeyd olunur.

Rəsmi Vaşinqton xəbəri şərh etməyib. ABŞ Dövlət Departamentindən bildirilib ki, qaydalara əsasən ABŞ Konqresi rəsmən açıqlamayana qədər müdafiə sistemlərinin satışı ilə bağlı mövzulara hökumət münasibət bildirmir.

Qətərin Vaşinqton səfirliyi də mövzuya şərh verməkdən imtina edib. Məsələ ondadır ki, 2017-ci ilin mayında Qətərlə 4 ərəb ölkəsi arasında gərginlik baş verib. Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik əlaqələri kəsərək rəsmi Dohanı terrorçuları dəstəkləməkdə ittiham edib.

İndi isə Vaşinqton Qətərə F-35 satarsa, bu, Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlərə mənfi təsir edə bilər. Lakin hər nə qədər Tramp administrasiyasının Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri olsa da, rəsmi Dohanın Vaşinqtonda ciddi əlaqələri var. Bu səbəbdən də Qətər hakimiyyəti Vaşinqtonla isti münasibətləri qoruyub saxlaya bilir.