Sahibkarlar bütün reklam siyasətini hərbi mövzuya yönəldib - ŞƏRH

16:20 08-10-2020 394

2019-cu ilin eyni dövrü ilə nisbətdə 2020-ci ildə “outdoor” reklamda (daxili və xarici reklam) 20 faiz azalma olub. Sahibkarlara müəyyən endirimlər edilməklə müştəri sayı saxlanılsa da, bu sahədən olan gəlirlər azalıb. 

Bu barədə HerGun.Az-a ekspert Yelena Eyvazlı məlumat verib. 

Onun sözlərinə görə, 2020-ci ildə ənənəvi reklam daşıyıcılarında reklamların verilişində azalma olsa da, pandemiya ilə əlaqədar dövlət qurumları sahibkarlar üçün müəyyən layihələr və endirimlər təklif edib. Buna nisbətdə elektron mediada, sosial şəbəkədə yayımlanan reklamlar artsa da, bu ölkənin reklamdan əldə etdiyi gəlirlərə təsir etmir. Çünki, həmin reklamlardan xarici bazar qazanır, daxili bazar yox. Daxili bazar yalnız ondan tutulan vergidən qazanır: 

“Ümumiyyətlə, Azərbaycan Reklam Agentliyinin fəaliyyətə başladığı dövrdən “outdoor” reklamında xeyli artım olub. Bu isə müştərilərin sayının artması hesabına deyil, prosesin şəffaflaşdırılması ilə əlaqədardır. Əvvəl isə qeyri-rəsmi reklam ödənişləri daha çox idi. Dövlət Reklam Agentliyi fəaliyyətə başladıqdan sonra isə şəffaflaşma təmin edildi”. 

O əlavə edib ki, pandemiya ilə əlaqədar sahibkarların bilbordlarda yerləşdirdikləri reklam azalıb, çünki, elektron daşıyıcılarda, sosial şəbəkələrdə reklam daha ucuzdur və insanların əksəriyyəti bu dövrdə vaxtını evdə sosial şəbəkələrdə keçirdiyindən, sahibkarlar da müştəri hardadırsa reklamı ora yönləndirib:

“Buna görə də 99 faiz kiçik və orta miqyaslı şirkətlər karantin dövrü çöl reklamını artırmayıb, televiziya reklamı isə digər reklamlara nisbətən daha baha olduğundan və sahibkarın da gəlirləri azaldığı üçün onlar reklamı sosial şəbəkələrə və internet platformalarına yönəldiblər. Buna görə də reklam bazarından əldə edilən gəlirdə geriləmə olub”. 

Y. Eyvazlı əlavə edib ki, müharibə dövründə bir çox şirkətlər ölkəyə, Azərbaycan ordusuna və əsgərinə dəstək vermək məqsədilə bütün reklam siyasətini hərbi mövzulara yönəldib. Həmin mövzuları yaymaq üçün isə onlara reklam daşıyıcıları lazım olacaq: 

“İstər televiziyada, istər bilbordlarda, istərsə də sosial mediada müharibənin başlaması və uğurla davam etməsi ilə Azərbaycanda sahibkarların bu sahayə dəstək vermək istəyi reklam bazarında pandemiya dövründən sonra müəyyən dirçəlişə səbəb olacaq. Bu səkkiz ay ərzində reklam bazarında itirilmiş məbləğlər 2-3 qatında sahibkarlara qayıdacaq”.    

Əlavə olaraq, Azərbaycan Dövlət Reklam Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdir müavini Hüseyn Azəri bildirib ki, 2020-ci ildə pandemiya ilə əlaqədar reklam vermək istəyən sahibkarlara güzəştlər və endirimlər edilib:

“Azərbaycan Dövlət Reklam Agentliyi tərəfindən sahibkarlarla görüşlər həyata keçirilib. Bu dövr ərzində sahibkarlara müraciətlər əsasında güzəştlər olunub. Fəaliyyətini dayandırmış sahibkarlıq obyektlərinə müraciətlər əsasında müəyyən endirimlər edilib”.