Sahibə Qafarova Kolumbiya Respublikasının ölkəmizdəki Səfiri Luis Antonio Dimate Kardenası qəbul edib

19:20 08-10-2020 374

Milli Məclisin sədri Sahibə Qafarova Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Luis Antonio Dimate Kardenası qəbul edib.

Bu barədə HerGun.Az-a Milli Məclisdən məlumat verilib.
 
Bildirilib ki, oktyabrın 8-də Milli Məclisin sədri Sahibə Qafarova Kolumbiya Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Luis Antonio Dimate Kardenasla görüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanla Kolumbiya arasında münasibətlərin inkişaf etdirilməsində ölkə parlamentlərinin rolunu xüsusi vurğulayıb. Bildirilib ki, Kolumbiya parlamenti Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib.

Spiker Ermənistanın cəbhə xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq törətdiyi təxribatlarla bağlı Kolumbiya Senatının Xarici Əlaqələr Komissiyası tərəfindən Azərbaycanın haqlı mövqeyini dəstəkləyən bəyannamənin qəbul edilməsinə görə kolumbiyalı parlamentarilərə azərbaycanlı həmkarlarının minnətdarlığını çatdırmağı səfirdən xahiş edib.

Sahibə Qafarova Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında bəzi tarixi faktları, həmçinin BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini, beynəlxalq qurumlar tərəfindən qəbul olunan digər sənədləri səfirin diqqətinə çatdırıb.

Spiker sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində növbəti dəfə hərbi təxribatlar törədildiyini qeyd edərək bildirib ki, işğalçı ölkə müxtəlif istiqamətlərdən bizim kəndlərimizə və hərbi mövqelərimizə hücum edib. Azərbaycan Ordusu əks-hücum əməliyyatı həyata keçirərək düşmənin bu təxribatının qarşısını alıb, işğal altında olan bəzi ərazilərimizi azad edib.

Sahibə Qafarova vurğulayıb ki, Ermənistan yenə də beynəlxalq hüquqa məhəl qoymayaraq mülki vətəndaşları hədəfə alır, Gəncə, Mingəçevir şəhərləri Ermənistan tərəfindən raketlərdən atəşə tutulur. Bu isə beynəlxalq hüquqa ziddir və Ermənistan tərəfindən Azərbaycana qarşı növbəti təcavüz aktıdır.

Milli Məclisin sədri görüşdə həmçinin qaçqın və məcburi köçkünlərimiz haqqında məlumat verərək beynəlxalq hüququn tələblərinə məhəl qoymayan işğalçı Ermənistanın dünya ictimaiyyəti tərəfindən qəti şəkildə pislənilməsinin vacibliyini qeyd edib.

Səfir Luis Antonio Dimate Kardenas dinamik inkişaf edən Azərbaycanın sülhsevər ölkə olaraq, regionda digər dövlətlərə nümunə olduğunu vurğulayıb. Rəhbərlik etdiyi səfirliyin fəaliyyəti barədə məlumat verən Luis Antonio Dimate Kardenas bütün sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini və bu görüşdə əldə etdiyi məlumatları ölkəsinin müvafiq qurumlarına çatdıracağını bildirib. O, hər iki ölkənin parlamentlərində fəaliyyət göstərən dostluq qruplarının sıx münasibətlərinin bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.