Səfir: “Qətər Azərbaycanın yanındadır, işğal olunmuş ərazilərdəki vəziyyəti yaxından izləyirik”

13:20 16-10-2020 417

BMT qətnamələrinə məhəl qoymadan Azərbaycan ərazisinin bir hissəsini 30 ilə yaxındır işğal altında saxlayan Ermənistan, eyni zamanda, ölkəmizə qarşı ardıcıl hərbi təxribatlar törədir, beynəlxalq hüquq normalarına zidd olaraq mülki əhalini hədəfə alır. Sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri növbəti təxribatlara başlayaraq, yaşayış məntəqələrimizi ağır artilleriya atəşlərinə məruz qoyub. 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Qətər Dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Al Hinzab ilə görüşündə məlumat verib. 
Nazir bu günlərdə Gəncədə yaşayış binalarının Ermənistan tərəfindən raket atəşinə tutulduğunu, bunun əslində insanlığa qarşı ağır cinayət olduğunu vurğulayıb. O, Ermənistanın Azərbaycanın dinc əhalisinə qarşı dövlət səviyyəsində həyata keçirdiyi terror hücumlarının ağır nəticələri, bu hücumlar nəticəsində həlak olanlar, yaralananlar, eləcə də mülki obyektlərə, evlərə dəyən ciddi ziyanlar barədə məlumat verib. 

Sahil Babayev Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatlarından və Qələbələrindən də bəhs edib. Azərbaycanın bu haqq savaşının məqsədinin ölkəmizin beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün təmin edilməsi olduğunu vurğulayıb.

Azərbaycanla Qətər arasında münasibətlərin inkişaf etdirilməsinin ölkələrimiz üçün əhəmiyyətini qeyd edən nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatları diqqətə çatdırıb. İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin İƏT-ə üzv dövlətlər arasında əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Feysal bin Abdullah Həməd Al Hinzab oktyabrın 12-də onun da Gəncədə hadisə yerində olduğunu və Ermənistanın raket hücumunun nəticələrini gördüyünü, mülki əhalinin hədəfə alınmasının əleyhinə olduqlarını deyib. O, Azərbaycana ərazi bütövlüyünün bərpa olunmasını arzuladıqlarını diqqətə çatdırıb.

“Hazırda baş verənlərlə bağlı Qətər sizlərin yanındadır. Dünya ictimaiyyəti, o cümlədən bizim xalq, işğal olunmuş ərazilərdə vəziyyəti yaxından izləyirik, “Əl-Cəzirə” telekanalı baş verən hadisələri işıqlandırır”, - deyə səfir bildirib.

Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahəsində əlaqələrin inkişaf etdirilməsi imkanları müzakirə olunub. Bunun üçün müqavilə-hüquq bazasının yaradılmasının vacibliyi, Əməkdaşlığa dair Anlaşma Memorandumu layihəsinin hazırlanmasının məqsədəuyğun ola biləcəyi qeyd edilib, İƏT Əmək Mərkəzinin yaradılmasına dair fikir mübadiləsi aparılıb.