Yevgeni Mixaylov: “Ermənistandakı rejimin faşist mahiyyəti üzə çıxır” - ŞƏRH

21:20 17-10-2020 530

“Cəbhə xəttindən uzaq olan dinc Azərbaycan şəhərlərini atəşə tutan Ermənistanın hədəfi təəssüf ki aydındır. İşğal edilmiş əraziləri əlində saxlamaq imkanı olmayan və faktiki olaraq daha hazırlıqlı və motivasiyalı Azərbaycan ordusunun həmlələri qarşısında bütün cəbhələrdə rüsvayçılıqla geri çəkilən İrəvan öz ərazisindən Azərbaycanın dinc əhalisinə raket zərbələri endirməklə açıq terrorla məşğul olmağa qərar verib. Gəncədəki növbəti faciə Nikol Paşinyan rejiminin mahiyyətinin təsdiqidir”.

Bu barədə Media.Az-a beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert, “Jurnalistskie rassledovaniya” (“Jurnalistika Araşdırmaları") “YouTube” kanalının aparıcısı Yevgeni Mixaylov bildirib.

Onun sözlərinə görə, Gəncə və digər şəhərlərə zərbə endirməklə Ermənistan Bakını erməni şəhərlərinə cavab zərbəsi vurmağa təhrik etməyə çalışır:

“Fikrimcə, onlar Bakının da eyni şəkildə cavab verəcəyini düşünürlər. Qeyd edim ki, əgər cavab verilsə belə, atəş açan ordu birləşmələrinə olacaq. Ermənistanın dinc əhalisinin qorxacağı bir şey yoxdur. Azərbaycanlılar faşist deyillər və İkinci Dünya Müharibəsi tarixinin dərslərini xatırlayırlar.

İrəvanın regionda genişmiqyaslı müharibəyə nail olmaq üçün birmənalı olaraq KTMT-ni münaqişəyə cəlb etməyə və daha sonra NATO ölkələrini buna çəkməyə çalışması əhəmiyyətli faktdır. Təkrar edirəm, Ermənistandakı hazırkı Soros rejiminin faşist mahiyyəti özünü büruzə verir”.

- Bəs niyə dünya birliyindən sərt reaksiya yoxdur?

- Bəli, Qərb və qondarma sivilizasiyalı ölkələr bir vətəndaşları öləndə fəryad qoparır, buna baxmayaraq Yaxın Şərqdə, Afrikada yüz minlərlə ölənlər heç bir reaksiya doğurmur. Ancaq bu halda Avropa sərhədlərində müharibə gedir və onu diasporunun təsir qabiliyyəti yüksək olan Ermənistan başladıb. Avropalı siyasətçilərə təzyiq göstərməyə çalışan çoxsaylı erməni diasporasının olduğu həmin Fransa, Almaniya və İtaliyada gərginliyin artmasının qarşısını almaq üçün buna reaksiya vermək lazımdır.

“İks” (X) saatının gəldiyini düşünürəm. Yaxın gələcəkdə Avropa Birliyi Paşinyan və onun dəstəsini sanksiya siyahısına əlavə edə bilər. Nəticədə bundan rəhbəri tərəfindən çıxılmaz vəziyyətdə qoyulan Ermənistan xalqı əziyyət çəkəcək”.