Yanvar-sentyabr aylarında Azərbaycana gələn turistlərin sayı açıqlanıb

16:20 18-10-2020 436

Koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməmiş, mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 686,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,5 dəfə azdır.

Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,5 dəfə azalaraq 20,1 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 4,6 dəfə azalaraq 94,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,7 dəfə azalaraq 234,9 min nəfər olub.

2020-ci ilin yanvar-sentyabr aylarında ölkəmizə gələnlərin 28,1 faizi Rusiya Federasiyası, 24,9 faizi Gürcüstan, 18,1 faizi Türkiyə, 8,3 faizi İran, 2,1 faizi Ukrayna, 1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, 1,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan və Qazaxıstan, 1 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, hər birindən 0,7 faiz olmaqla Özbəkistan, İraq və Belarus, 0,6 faizi İsrail, 5,8 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər təşkil edib. Gələnlərin 78,7 faizi kişilər, 21,3 faizi qadınlar olub.

Cari ilin yanvar-sentyabr aylarında Çindən gələnlərin sayı 14 dəfə, Cənubi Koreyadan 12,2 dəfə, İsraildən 9,2 dəfə, Polşadan 9 dəfə, Yaponiyadan 8,8 dəfə, İraqdan 8,4 dəfə, Səudiyyə Ərəbistanından 7,8 dəfə, Macarıstandan 7,2 dəfə, Omandan və  ABŞ-dan 6,4 dəfə, Kanadadan və Birləşmiş Ərəb Əmirliklərindən 6,3 dəfə, Fransadan 5,7 dəfə,  Almaniyadan və Türkmənistandan 5,2 dəfə, Qətərdən 5,1 dəfə, Niderlanddan 5 dəfə, Böyük Britaniyadan 4,9 dəfə, Qazaxıstandan 4,5 dəfə, Pakistandan 4,4 dəfə azalıb.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69 faizi dəmir yolu və avtomobil nəqliyyatı, 28,7 faizi hava nəqliyyatı, 2,3 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Nigar Məmmədova