Bakıda usta binadan yıxılıb öldü

11:40 17-11-2020 16

Dünən saat 09:00 radələrində paytaxtın Yasamal rayonu ərazisində Məmmədov Fərhad İsa oğlunun hündürlükdən yıxılması və aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna  məlumat daxil olub.

Yasamal Rayon Prokurorluğundan verilən məlumata görə, ilkin araşdırmalarla Yasamal rayonu ərazisində “Sahil-R” MTK tərəfindən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında usta işləyən Fərhad Məmmədovun həmin binanın 12-ci mərtəbəsində qaynaq işi görən zaman yıxılaraq aldığı xəsarətlərdən ölməsi müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda)  maddəsi ilə cinayət işi başlanıb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.