Adil Əliyev İƏT-ın Gənclər Forumunun prezidenti Taha Ayhanla görüşüb - FOTO

16:40 17-11-2020 23

Noyabrın 17-də Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin yaydığı məlumatda qeyd olunub.

Görüş zamanı Adil Əliyev İƏT Gənclər Forumunun ilk Baş Assambleyası da daxil olmaqla bir çox beynəlxalq tədbir və layihələrinə, o cümlədən, Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin tədbirlərinə Azərbaycan Respublikasının ev sahibliyi etdiyini bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət siyasətinin əsas istiqamətlərindən biri olan gənclər və idman sahəsinə böyük önəm verdiyini söyləyib. Bunun bariz nümunəsi olaraq IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirildiyini diqqətə çatdırıb. Ölkəmizin ev sahibliyi etdiyi bu idman yarışlarının həm də İslam ölkələri arasında olan həmrəyliyin daha da gücləndirilməsində vacibliyini qeyd edib. Hazırda bu nüfuzlu təşkilata qardaş Türkiyə Respublikasının rəhbərlik etdiyinin əhəmiyyətli olduğunu deyib.

Vitse-spiker bildirib ki, iki ölkə arasında qarşılıqlı dəstək və strateji tərəfdaşlıq əlaqələrinin inkişafında dövlət başçılarının səmimi münasibətləri müstəsna rol oynayır. O, Dağlıq Qarabağ uğrunda Vətən müharibəsində, ərazilərimizin bərpa edilməsində, torpaqlarımızın işğalçılardan azad olunmasında Türkiyənin verdiyi siyasi və mənəvi dəstəyə görə hər bir Azərbaycan vətəndaşının minnətdarlığını ifadə edib.

Adil Əliyev qonaqların ölkəmizə səfərinin olduqca əlamətdar günlərə təsadüf etdiyini bildirərək, xalqımızın 30 illik nisgilinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın möhtəşəm qələbəsi ilə son qoyulmasına diqqət çəkib. Şanlı Ordumuzun qısa zamanda Ermənistan üzərində misilsiz qələbə qazandığını, uzun illər ərzində öz yurd-yuvasından didərgin salınan bir milyondan çox soydaşımızın doğma evlərinə qayıtmağa hazırlaşdığını bildirib.

Taha Ayhan Gənclər Forumunun gördüyü işlər, həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. Hazırda Forumda dünyanın 46 ölkəsindən, o cümlədən qeyri-müsəlman ölkələrdən  müsəlman gənclərin də təmsil olunduğunu qeyd edib.

Qonaq Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Forumun aktiv iştirak etdiyini dilə gətirərək, “Justice for Khojaly” beynəlxalq kampaniyası çərçivəsində səylərini əsirgəmədiyini vurğulayıb.

Söhbətdə gənclər siyasəti sahəsində əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.