Nazirlik sosial şəbəkələrdəki ağac əkilməsi ilə bağlı narazılıqlara aydınlıq gətirdi - FOTO

22:20 19-11-2020 383

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova sosial şəbəkələrdə və bəzi saytlarda Füzuli və Zəngilanda əkilən Şərq çinarının yerinə şam ağaclarnın əkilməsi ilə bağlı yayılan fotoya aydınlıq gətirib.

Nazirlik rəsmisinin sözlərinə görə, işğaldan azad olunmuş Füzuli və Zəngilanda ağacəkmə aksiyaları keçirilib. Əkilən ağaclar təbii şəraitə uyğun və yerli ağac cinslərindən olub, yəni füsunkar Qarabağ bölgəsinin relyefinə və iqliminə uyğun Şərq çinarları əkilib, yerli palıd cinsindən olan toxumlar səpilib.

İ.İbrahimova bildirib ki, sosial şəbəkədə və bəzi saytlarda Qarabağda ağac əkilməsini yayımlayarkən yanlışlıqla Abşeronda və digər ərazilərdəki ağacəkmə aksiyalarında şam və sərv ağaclarının əkini olan fotolar yerləşdirilib: 

“Bu da haqlı olaraq izləyicilərin narazılığına səbəb olub. Şəklə görə şərh verilib ki, niyə şam və ya sərv ağacları əkilib? Əslində isə belə deyil, Zəngilan və Füzuli rayonlarının ərazisində Şərq çinarları əkilib. Bu cür kampaniyalar Qarabağın digər ərazilərində də davam edəcək”.