“Azəriqaz” ünvanına daxil olan müraciətlərə aydınlıq gətirdi

12:20 07-01-2021 44

Ötən il 362 bina qazlaşdırılıb.

“Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata əsasən, 2020-ci il ərzində 362 yaşayış binasına təbii qaz verilişi təmin edilib.

Bu binalarda təbii qazla təchiz edilən mənzillərin sayı isə 28 008-ə bərabərdir. Təkcə ötən ilin dekabr ayında 77 yaşayış binası üzrə 2 882 mənzil təbii qaz alıb.

Ümumilikdə birliyin əməkdaşları təbii qazla təmin olunmayan və ya natamam təmin olunan yaşayış binalarının tikinti şirkətləri ilə mütəmadi görüşlər keçirir. Yaranmış problemlərin aradan qaldırılması üçün lazımi köməkliyin göstərilməsi istiqamətində müvafiq təkliflər verilir.

Binaların qazlaşmasına dair birliyin ünvanına tez-tez daxil olan müraciətlərə də aydınlıq gətirilib. Bildirilib ki, əksər hallarda hansısa bir binada təbii qaz açılışının yubanmasında “Azəriqaz” İB günahkar hesab edilir və bəzən də tikinti təşkilatının səhlənkarlığı birliyin üzərinə atılır:

“Ona görə də bu prosesin necə tənzimlənməsi barədə binalardan mənzil alan vətəndaşlar bir daha agah olsun deyə, prosedurları təqdim edirik. Çoxmərtəbəli binaların qaz təchizatı şəbəkəsinin çəkilişi ilə əlaqədar hüquqi və ya fiziki şəxslər texniki şərtin alınması üçün “ASAN Kommunal” mərkəzlərinə müvafiq mülkiyyət sənədləri təqdim etməklə müraciət etməlidir. Bundan sonra mənzil-tikinti kooperativinin (MTK) rəhbərliyi verilmiş texniki şərtlər əsasında xüsusi icazəsi (lisenziya) olan layihə təşkilatı ilə müqavilə bağlayaraq öz vəsaiti hesabına layihə-smeta sənədlərinin hazırlanmasını sifariş verir. Hazırlanmış layihə-smeta sənədləri sifarişçi tərəfindən “Azəriqaz” İB ilə razılaşdırılır və aidiyyəti dövlət qurumlarında qeydiyyatdan keçirilir.

Qeyd edək ki, razılaşdırılmış layihə-smeta sənədlərinə uyğun olaraq qazlaşdırma işlərini MTK-nın sifarişi əsasında xüsusi icazəsi olan tikinti təşkilatları həyata keçirir. Belə ki, tikinti təşkilatları “Qaz təchizatında təhlükəsizlik Qaydaları”nın, “Qazdan istifadə Qaydalarının”, eləcə də qüvvədə olan “Tikinti Norma və Qaydaları”nın tələblərinə uyğun binanın daxili qaz şəbəkəsinin qurulmasını və sayğacların quraşdırılmasını həyata keçirməli, həmçinin texniki-icra sənədləri tərtib olunmalıdır. Kommunikasiya xətləri çəkildikdən və qaz sayğacları quraşdırıldıqdan sonra MTK-nın rəhbərliyi və ya MTK ilə işlərin görülməsi üçün müqavilə bağlayan podratçı təşkilat tərəfindən qəbul kоmissiyаsının аktlаrı, qаz təchizаtı ilə bаğlı tехniki-icrа və digər zəruri sənədlər tаm şəkildə “Аzəriqаz” İstеhsаlаt Birliyinə təqdim оlunduqdаn, müvаfiq qаydаlаrа uyğun оlаrаq qаzın аlqı-sаtqısı müqаviləsi bаğlаndıqdаn sоnrа mənzillərə təbii qаzın açılışı təmin edilir. Yəni, binalarda qazlaşma işlərini “Azəriqaz” İB icra etmir və yalnız açılışa hazırlıqla bağlı rəylərin əks olunduğu müvafiq sənədlər (ayrı-ayrı qurumlardan alınan) təqdim edildikdən sonra binalara təbii qazın verilməsi təmin edilir”.