Şəhid ailələrinə mənzillər təqdim olunub - VİDEO

21:20 08-01-2021 531

Dövlətin şəhid ailələrinə diqqət və qaygisi onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlarda özünü büruzə verir.

Hövsan Yaşayış Kompleksində mənzil seçən, lakin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan iki hərbçinin ailə üzvlərinin mənzillərlə təmin edilməsi, bu qayğının növbəti təzahürüdür.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən vətən müharibəsi şəhidi, baş leytenant Orxan Hüseynovun ailəsinə Hövsan qəsəbəsində yerləşən mənzilin açarı təqdim edilib. Şəhiddən yadigar qalan iki azyaşlı övladı - 4 yaşlı Murad və atasının üzünü görə bilməyən, lakin onun adını fəxrlə daşıyacaq balaca Orxan artıq rahat şəraitli mənzildə yaşayacaq.

Qeyd edək ki, şəhidin qardaşı Sərxan Hüseynov, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən hədiyyə edilən mənzillə tanış olub və göstərilən diqqətə görə ölkə rəhbərliyinə təşəkkürünü bildirib.

Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən digər mənzil isə Cəlilabaddan olan şəhid ailəsinə təqdim edilib. Agentliyin əməkdaşları şəhidin Cəlilabadın Böyük Bəcrəvan kəndində yaşayan ailəsinə baş çəkərək mənzilin açarını təqdim ediblər. Öz növbəsində şəhid ailəsi göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnatdarlıq edib.

Xatırladaq ki, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Bəhmən oğlu və 1994-cü il təvəllüdlü Hüseynov Fərid Fətəli oğlu Mənzil İnşaatı Dövlət Agentliyinin Hövsan Yaşayış Kompleksində mənzillərin satışında uğurla iştirak edərək mənzil seçiblər. Lakin hər ikisi vətən müharibəsində şəhidlik zirvəzinə ucaldığından mənzillərin rəsmiləşdirilməsi mümkün olmayıb.

Bu səbəbdən ölkə başçısının siyasətinə uyğun olaraq hər 2 hərbi qulluqçumuz tərəfindən seçilən mənzillər onların ailələrinə təqdim edilib.

Bu barədə Baku TV süjet hazırlayıb.

Sözügedən videonu təqdim edirik: