Bakıda bir neçə avtomobil oğurlayan dəstə üzvləri saxlanıldı

14:40 11-01-2021 373

Bakıda bir neçə avtomobil oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsi 37-ci Polis Şöbəsinə yanvarın yeddisində “UPD” qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əliyevin “VAZ-2104” markalı avtomobilinin qaçırılması barədə müraciət daxil olub.

Dərhal başlanılan əməliyyat tədbirləri ilə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ramazanov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan üç qrama yaxın heroin götürülüb.

Araşdırmalarla onun F.Məmmədova məxsus “Reno” markalı avtomobildən oğurluq etməsi və bu hadisələri Bakı şəhər sakini B.Cəlilov və Ağdam rayon sakini Ş.Nəcəfov ilə birgə törətməsi müəyyən edilib.

B.Cəlilov və Ş.Nəcəfov da polis əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi axtarış zamanı B.Cəlilovdan üç qrama yaxın, Ş.Nəcəfovdan isə dörd qrama yaxın heroin götürülüb.

Ətraflarında aparılan tədbirlərlə onların Q.Pirəliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaları da müəyyən edilib.

E.Əliyevə məxsus avtomobil Hövsan qəsəbəsi ərazisində tapılıb.