İdman Akademiyasında tələbələr üçün yenilik - FOTO

16:00 11-01-2021 492

Azərbaycan Dövlət  Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) “İdman menecmenti və kommunikasiya”, “Məşqçilik”, “Bədən tərbiyəsi və idmanda reabilitasiya”, “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” üzrə ixtisaslaşan tələbələrin bilik və bacarıqlarının artırılması istiqamətində daha bir yenilik edib.

ADBTİA-dan HerGun.Az-a verilən məlumata görə, qısa müddət ərzində İdman Akademiyasının nəzdində fəaliyyət göstərən Multimedia mərkəzində (Tədris studiyası) tədris olunan fənlər üzrə video dərslər hazırlanaraq tələbələrin istifadəsinə verilib.

Bütün kafedralar üzrə professor-müəllim heyəti tərəfindən keçirilən dərslərdə toxunulan əsas mövzular üzrə mühazirələr slayd şəklində təqdim olunub. Artıq 70-dən çox videodərs hazırlanaraq Akademiyanın rəsmi Youtube kanalına hissə-hissə yüklənilir. Bununla da, mövcud karantin şərtləri ilə əlaqədar olaraq, tələbələr onlayn dərslərdə iştirak edərək yeni biliklərə yiyələnə bilirlər.

Qeyd edək ki, bu resurslardan Akademiyanın tələbələri ilə yanaşı, idman ixtisasını seçən, idman sahəsində biliklərini artırmaq istəyənlər də rahatlıqla istifadə edə bilərlər.

Video dərslərdə yer alan fənlərin siyahısını ixtisarla təqdim edirik:

Futbol, boksun nəzəriyyəsi və metodikası, gimnastikanın nəzəriyyəsi və tədrisi metodikası, şahmat, voleybol, basketbol, cüdo, həndbol, atletika, sambo, beynəlxalq idman menecmenti, hərbi işin əsasları, hərbi vətənpərvərlik tərbiyəsi, Azərbaycan tarixi, normal fiziologiya, idman fiziologiyası, idman farmakologiyası, sosiologiya, pedaqogika, biomexanika, ali riyaziyyat, müalicə bədən tərbiyəsi və masaj, fiziki tərbiyənin nəzəriyyəsi və metodikası, ümumi və idman psixologiyası, anatomiya, informatika və təhsildə İKT, idmanda reabilitasiya, fiziki tərbiyənin tədrisi və metodikası, ümumi iqtisadiyyat, peşəkar xarici dil, mütəhərrik oyunlar və s.