Quşçuluğun inkişafı mövzusunda videokonfrans keçirilib - FOTO

02:20 14-01-2021 23

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) təşkilatçılığı ilə Azərbaycanda quşçuluğun inkişafı mövzusunda videokonfrans keçirilib.

Konfederasiyadan verilən məlumata əsasən, videokonfransda ASK prezidenti Məmməd Musayev, Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev və quşçuluq şirkətlərinin rəhbərləri iştirak ediblər.

Tədbiri açan M.Musayev bildirib ki, 2021-ci il Azərbaycanda böyük quruculuq ilidir və iqtisadi inkişafla bağlı möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən fəaliyyətlərdə özəl sektor, sahibkarlar da fəal iştirak edəcəklər. Ölkəmizin ərzaq təhlükəsizliyi, daxili istehsal hesabına özünü təmin etməsində böyük irəliləyişlər var. Qida zəncirində mühüm həlqələrdən biri də quş əti və yumurta ilə təminatdır.

“Azərbaycan yumurta ilə özünü tam təmin edir, quş ətində isə 25 faiz idxaldan asılılıq qalır. Hesab edirəm ki, quş ətinə olan daxili tələbatı da təmin etməyə imkan verən potensial mövcuddur və ASK bu sahədə Türkiyə təcrübəsinin öyrənilməsində iş adamlarına geniş  dəstək verir”, - deyə Konfederasiya prezidenti qeyd edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov hazırda Azərbaycanın quşçuluq sənayesində rəqabət qabiliyyətini yüksəltmək, bu sahədə dövlətin tənzimləmə mexanizmləri barədə fikirlərini iştirakçılarla bölüşüb. Eyni zamanda, nazir ölkəmizdə quşçuluq sənayesinin inkişafı üçün sahibkarlarla dialoqu davam etdirəcəyini bildirib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu sahədə fəaliyyət göstərən sahibkarların qaldırdıqları bəzi məsələlərə aydınlıq gətirib. Q.Təhməzli ölkə iqtisadiyyatının inkişafı, milli sahibkarların dəstəklənməsi istiqamətində görülən işlərdən danışıb. Agentlik sədri Azərbaycanda quşların pərakəndə satışının epizodik vəziyyətə təsiri, zəif patogen quş qripinə qarşı vaksinasiya ilə bağlı gələcəkdə həyata keçiriləcək tədbirlər, quşçuluq müəssisələrinin idarə olunmasında mövcud olan nöqsanları tədbir iştirakçılarının diqqətinə çatdırıb və bu istiqamətdə agentliyin mütəxəssisləri tərəfindən sahibkarlara peşəkar dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.

ASK-nın vitse-prezidenti Zakir Əzimov son iki ildə quş əti istehsalının 10 min ton azalmasına diqqət çəkərək, xaricdən idxalın 38 min tona qədər artdığını bildirib. Eyni zamanda, soya yağlarının bahalaşmasının məhsulun maya dəyərinin yüksəlməsinə səbəb olması, Rusiya və Ukraynadan idxal olunan quş əti məhsulları ilə rəqabətdə yaranan vəziyyət müzakirə edilib.

Müzakirələr nəticəsində ASK prezidenti Məmməd Musayevin sədrliyi ilə işçi qrup yaradılıb və sahibkarlardan toplanan təkliflər əsasında bir həftə ərzində hökumətə və müvafiq qurumlara təkliflər paketinin təqdim edilməsi qərara alınıb.