Azərbaycanın e-ticarət portalına daxil olan sifarişlər barədə məlumat verilib

13:00 14-01-2021 423

2020-ci il üzrə “www.azexport.az” internet portalına dünyanın 142 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 610,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) məlumat verib.

Bildirilib ki, ölkə ərazisində sahibkarlıq subyektləri əməkdaşlarının, fermerlərin və gənclərin iştirakı ilə pandemiya dövründə müasir rəqəmsal həll yolları vasitəsi ilə özünüməşğulluğun təmin olunmasına dair videokonfranslar təşkil olunub. Portal tərəfindən “Worldef Business School” və “Worldef “şirkətinin Azərbaycan üzrə ölkə təmsilçisi, “My Broker” gömrük təmsilçiliyi ilə birgə “Distant Amazon və Elektron Ticarət” layihəsi həyata keçirilib. Eyni zamanda, il ərzində portal Beynəlxalq Ticarət Mərkəzi (International Trade Center - ITC) ilə birlikdə “Ticarətə Hazır” layihəsi çərçivəsində onlayn təlimlər təşkil edib.

2020-ci il ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinə fiziki və hüquqi şəxslər tərəfindən 1 069 dəfə müraciət olunub və nəticədə 1 298 ədəd sertifikat verilib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzindən 2017-ci ilin iyun ayından 2020-ci ilin dekabr ayına kimi isə ümumiyyətlə 473,3 milyon ABŞ dolları məbləğində müxtəlif adda tikinti-sənaye, kənd təsərrüfatı məhsulları və s. məhsullar ixrac olunub ki, bunun da 182,8 milyonu ötən ilin payına düşür.

2020-ci il ərzində Rəqəmsal Ticarət Qovşağında validasiya mərkəzinin yaradılması üçün bütün texniki işlər tamamlanıb. Qarşılıqlı şəkildə imzaların tanınması və elektron sənədlərin dövriyyəsi təmin edilib. Vahid İxrac Ərizəsi yenidən qurulub. Yeni interfeys və iş prinsipi əsasında Sərbəst Satış Sertifikatının verilməsi sistem üzərindən təqdim edilib. Qeyri-rezidentlərə göstərilən maliyyə xidmətlərinin genişləndirilməsi üçün tədbirlər həyata keçirilib.

İİTKM-in “Enterpriseazerbaijan.com” portalına 2020-ci il ərzində yeni layihə və ideyalar əlavə olunub. Mərkəzin Britaniya Şurası (British Council) ilə əməkdaşlığı çərçivəsində İngiltərənin Newcastle Universiteti ilə “Creative Spark” (Yaradıcı qığılcım) layihəsi davam etdirilib, Azərbaycanda startap hərəkatına dəstək verilib.