“Azəriqaz” smart-kart tipli sayğaclarla bağlı yenilik edib - FOTO

17:00 16-02-2021 478

Qaz sayğaclarının kartlarının verilməsi yerində icra olunacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Belə ki, fevral ayının 17-dən etibarən dövlət yoxlanışı zamanı əhali abonentləri üçün quraşdırılan əvvəlcədən ödənişli qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı, Bakı şəhərinin rayonları üzrə yerli qaz xidmət sahələrində də həyata keçiriləcək.

Kütləvi şəkildə sayğac əvəzlənməsi qeydə alınan ərazilərdə isə abonentlərin yuxarıda sadalanan məkanlara getməsinə ehtiyac qalmayacaq. Onların qaz sayğaclarının ödəniş kartlarının aktivləşdirilməsi səyyar avtomobillərlə fəaliyyət göstərəcək Müştəri xidməti şöbəsinin əməkdaşları tərəfindən təmin olunacaq.

Qeyd edilib ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün bu barədə əlaqədar struktur rəhbərlərinə müvafiq göstərişlər verib. Abonentlərin əvvəlcədən ödənişli qaz sayğaclarının kartlarını almasında hər hansı bir problemin yaşanmaması üçün bütün imkanların səfərbər olunması tapşırılıb.