Rusiyalı deputat və ekspert Qarabağda Njdeyə abidə qoyulmasını təxribat adlandırıb

21:20 16-02-2021 590

Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov “Moskva-Bakı” resursuna faşistlərlə işbirliyində olan Njdeyə Xocavəndin işğaldan azad edilməyən hissəsində abidə ucaldılmasını şərh edərkən, bu hadisəni təxribat adlandırıb. Onun sözlərinə görə, belə təxribatlar bölgədə çətinliklə əldə olunmuş sülhü birbaşa təhdid edir.

“Məsələ burasındadır ki, Rusiya sülhməramlılarının öz səlahiyyətləri, öhdəlikləri var və onlar bu çərçivədən kənara çıxa bilməzlər. Ərazidə müəyyən abidələrin ucaldılması məsələsi də onların səlahiyyətlərinə aid deyil. Ancaq təəssüf ki, bəzi təxribatçılar bundan istifadə edərək belə abidələr ucaldır, bəziləri isə qarşı tərəfin əsəbi reaksiya göstərəcəyini öncədən bilərək təbliğat şousu təşkil edirlər. Bu cür təxribatların hələ də çox olması təəssüf doğurur. Belə hallar Rusiyada da mövcuddur. Njde abidəsinin quraşdırılması millətçiliyin, millətçi mübarizənin rəmzidir.

Xatırladım ki, bir neçə il əvvəl Krasnodar diyarında, Armavirdə Njdeyə xatirə lövhəsi qoyulmuşdu. Lövhənin yerli rəhbərliyin razılığı olmadan quraşdırıldığı ortaya çıxdı. Məsələni öyrəndikdə şəxsən bu problemlə məşğul oldum, sorğular göndərdim. Yerli səlahiyyət nümayəndələri də işə qarışdılar. Birlikdə bu lövhənin sökülməsinə nail olduq.

Düşünürəm ki, Üçüncü Reyxlə əməkdaşlıq edərək özünü ləkələyən şəxs abidəyə qətiyyən layiq deyil. Ona görə də bu abidənin Qarabağda quraşdırılmasının təxribat olduğuna inanıram. Əminəm ki, gec-tez söküləcək. Bu cür təxribatlar vəziyyəti daha da gərginləşdirir. Bölgədə yeni bərqərar olan sülhü təhrik etmək olmaz”, - deyə rusiyalı deputat bildirib.

Beynəlxalq münaqişələr sahəsində mütəxəssis Yevgeni Mixaylov hesab edir ki, indi Ermənistanın qonşuları ilə dinc yaşamaq üçün əla fürsəti olduğu halda, yenidən millətçi şüarlar və intiqam çağırışları səslənir.

“Rusiya sülhməramlılarının məsuliyyət zonasında faşist işbirlikçisi Njdeyə abidə qoyulması Rusiyaya qarşı bir tüpürcəkdir. Üstəlik, abidə müharibə bitdikdən sonra, müqavilənin imzalanmasından sonra quraşdırılıb. Bu açıq bir çağırışdır. “Ruslar gəldi - buna görə hər şeyi edə bilərik” yanaşması reallıqdan çox uzaqdır. Rusiya siyasi dairələri tamamilə fərqli bir fikirdədir.

Postsovet məkanında Rusiya Federasiyasına loyal yanaşan ölkələrdə faşistləri qəhrəmanlaşdırmaq mümkün deyil. Ancaq ortaq tariximiz sizin üçün əhəmiyyətsizdirsə, o zaman öz yolunuzla gedin və Rusiya Federasiyasından dəstək istəməyin. Əgər siz Rusiya Federasiyasından tamamilə asılısınızsa, atalarınız Sovet İttifaqının digər xalqları ilə birlikdə bütün dünya ictimaiyyəti tərəfindən qınanan faşizmə qarşı vuruşublarsa, xahiş edirəm ortaq tarixin qaydalarına riayət edin. Faşistlər tamamilə unudulmalıdır. Ancaq indiyə qədər bu baş verməyib və İrəvan, görünür, hər şeyin mümkün olduğuna inanır. O, oynayır, meydan oxuyur.

Bugünkü Ermənistan, mənim fikrimcə, ümumi tarixdən imtina etməyə, Rusiyanın onun üçün etdiklərini unutmağa qərar verib. Ermənistan tərəfindən bu cür hərəkətlərin yolverilməzliyi, nasizmin təbliğinin yolverilməzliyi barədə daha da ucadan danışmaq lazımdır. Rusiyanın məsuliyyət zonasında faşistlərlə işbirliyində olan birisinə abidə ucaltmaq nə deməkdir? Rusiya bu məsələdə öz sözünü deməlidir” - deyə ekspert qeyd edib.