Represiya dövründə xalqın danışan dili olan söz xiridarı: Əliağa Vahidin 126 illiyidir

10:40 17-02-2021 415

Bu gün Azərbaycan-sovet şairi, qəzəlxanı, meyxanaçı, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əliağa Vahidin anadan olmasının 126-cı ildönümüdür.

Əliağa Məmmədqulu oğlu İsgəndərov (Əliağa Vahid) 17 fevral 1895-ci ildə Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib, Azər İmaməliyev, Müniri və başqa şairlərin təsiri ilə lirik şerlər yazıb. Satirik şerlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.

Azərbaycanda Sovet hakimiyyətini rəğbətlə qarşılayan Vahid inqilabi təbliğat sahəsində fəal çalışmış, yeni həyatı tərənnüm edən çoxlu şeir (“Əsgər və fəhlə yoldaşlarıma”, “Məktəb nə deməkdir”, “Ucal, mələyim” və s.) yazıb, “Kommunist” qəzeti, “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlıq edib. Onun “Kupletlər” (1924), “Mollaxana” (1938) kitablarındakı şeirlərdə yeniliyə mane olanlar kəskin satira atəşinə tutulur. Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri” (1943), “Qəzəllər” (1944) kitablarında Əliağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edirdi.

Füzuli ənənələrinin davamçısı olan Vahid müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsidir. Qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutur. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib. 

44 Günlük Vətən müharibəsinin şəhid giziri Xudayar Yusifzadənin ifa etdiyi “Vətən yaxşıdır” mahnısının sözləri də Əliağa Vahidə məxsusdur.

Əliağa Vahid içki içən deyildi. Ancaq repressiyaya görə özünü içki içən kimi göstərirdi ki, ona toxunmasınlar. Bir gün Mircəfər Bağırova represiyya ilə bağlı bir siyahı veriblər. Vahidin də adı orada olub. Mircəfər Bağırov Əliağa Vahidin adının üstündən xətt çəkib ki, bütün günü əyyaş olan adamdır, ondan bizə nə ziyan gələcək. Vahid bir müddət yaxşı şəraitdə yaşamayıb. Hətta bununla bağlı Mircəfər Bağırova şeir də yazıb. Sonralar Bağırov Vahidi yanına çağırırıb, ona 1951-ci ildə ikiotaqlı mənzil verib.

O, 1 oktyabr 1965-ci ildə Bakı şəhərində vəfat edib.

Əliağa Vahidin heykəli əvvəlcə Filarmoniya bağında qoyulub, daha sonra təmir zamanı İçəri Şəhərə köçürülüb.

Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əliağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.