Sürücülərə xəbərdarlıq edildi: Yollar buz bağlaya bilər

11:20 17-02-2021 366

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi ilə bağlı sürücülərə müraciət edib.

Agentliyin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, hava şəraitinin kəskin dəyişəcəyi proqnozu ilə bağlı dağlıq və dağətəyi rayonlardan keçən avtomobil yolları buz bağlaya bilər: “Sürücülərdən xahiş edirik ki, həmin yollardan istifadə edərkən avtomobillərini qış rejiminə uyğun təchiz etsinlər. Təcrübəsiz sürücülər və avtomobili qış rejiminə uyğun olmayanlar bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdən keçən yollardan istifadə etməsinlər. Həmin şəxslər əsasən aran rayonlarından keçən avtomobil yolları ilə hərəkətə üstünlük versin”.

A.Nəcəfli bildirib ki, hazırda Azərbaycan ərazisindəki hər hansısa avtomobil yolunda problem yaranmayıb, hərəkət normaldır: “ Hava şəraitinin axşama doğru dəyişməsi nəticəsində problemlər yarana bilər. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeliyində olan bütün maşın - mexanizmlər, texnikalar hazır vəziyyətə gətirilib, kifayət qədər duz-qum avtomobil yollarının kənarlarına hazır vəziyyətdə yığılıb. Hər hansısa yolda problem yaranarsa, agentlik əməkdaşları problemi aradan qaldırmağa hazırdırlar.

Sürücülərdən də xahiş edirik ki, bu gecədən etibarən dağlıq və dağətəyi ərazilərdə mümkün qədər şəxsi avtomobillərdən istifadə etməsinlər. Əks halda, onların hərəkətində problemlər yarana bilər”.