Mədəniyyətdən əsar-əlamət qalmayan mədəniyyət evi - Əraziyə nə üçün baxılmır? - FOTO/VİDEO

14:00 17-02-2021 483

Zabrat qəsəbəsində yerləşən mədəniyyət evi bərbad vəziyyətdədir.

Bu barədə HerGun.Az-ın redaksiyasına Zabrat sakinləri tərəfindən məlumat göndərilib. Bildirilib ki, söhbət Zabrat-2 qəsəbəsində yerləşən Əvəz Paşayev adına Mədəniyyət Evindən gedir. Binanın özü ilə yanaşı ətrafının da yaman gündə olduğu qeyd olunub.

Vətəndaş bildirir ki, yaşayış binalarından tullantı sularının sızması nəticəsində ərazidə antisanitariya şəraiti yaranıb:

“Bura uşaqların oynadığı yerdir və onlar hər an infeksiyaya yoluxa bilərlər. Eyni zamanda ərazi Zabrat Hava Limanına gedən yolun üzərində yerləşir. Bu yoldan xarici vətəndaşlar tez-tez istifadə edir. Belə bir mənzərə şəhərimiz haqqında yaxşı təəssürat yaratmır”.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu göndərdik. HerGun.Az-ın sorğusuna cavab olaraq rayon üzrə Mənzil Kommunal Təsərrüfatı Birliyindən bildirilib ki, sözügedən ərazi ilə bağlı çəkilən fotolar daha əvvəl lentə alınıb:

“Sözügedən ərazi mədəniyyət evinə aiddir. Bina fəaliyyət göstərmir. Oradan qrunt suları sızır. Şəkillərə diqqət etsəniz ən az arada 2-3 ay fərq olduğunu hiss edərsiniz. Binanın ətrafında yaxın günlərdə təmizlik işləri aparılıb. Ən son görüntüləri də sizə göndərdik. Binanın əsaslı təmir olunması ilə bağlı tərəfimizdən aidiyyəti qurumlara məktubla müraciət olunub”.

Mövzu ilə əlaqədar Bakı Şəhər Mədəniyyət Baş İdarəsindən HerGun.Az-ın sorğusuna cavab olaraq isə bildirilib ki, Ə.Paşayev adına Mədəniyyət evi üçün yeni binanın tikintisi nəzərədə tutulur:

“Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi üzrə hazırlanmış və baxılması üçün müvafiq dövlət orqanlarına təqdim edilmiş 2021-2024-cü illərin Dövlət İnvestisiya Qoyuluşu Proqramı layihəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən və texniki vəziyyəti qeyri-qənaətbəxş olan müəssisələr, həmçinin Ə.Paşayev adına Mədəniyyət evi üçün yeni mədəniyyət mərkəzi binasının tikintisi nəzərədə tutulub. Dövlət büdcəsindən vəsait ayrılanda yeni binanın inşası istiqamətində lazımi tədbirlərin görülməsinə başlanılacaqdır”.

Mədəniyyət evinin ətrafındakı ərazinin anti-sanitar vəziyyətdə olması ilə bağlı məsələyə isə belə cavab verilib:

“Qeyd edək ki, ətraf ərazilərin Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin balansında olan mədəniyyət evinə heç bir aidiyyəti yoxdur. Ölkəmizdə COVID-19 pandemiyasının yaratdığı vəziyyətlə bağlı mədəniyyət müəssisələri uzun müddətdir fəaliyyətini dayandırıb. Bu səbəbdən ərazi baxımsız vəziyyətdə görünür. Lakin, normal iş rejimi zamanı mədəniyyət evinin işçiləri təmizlik və səliqənin yaradılmasına hər zaman nəzarət edirlər”.

Könül Cəfərli