Sarqsyanın aprel müharibəsi ilə bağlı yalanları – ŞƏRH

17:20 17-02-2021 431

Ermənistanın keçmiş Prezidenti Serj Sarqsyan “Armnyus” telekanalına müsahibəsində 2016-cı ildəki aprel müharibəsinin Azərbaycan tərəfinin Rusiyaya müraciət etməsindən sonra dayandırıldığını iddia edib.

Onun sözlərinə görə, guya Ermənistan güclü əks-hücum əməliyyatları keçirdikdən sonra Azərbaycan çox itki verdiyindən Kremlə üz tutub.

Sarqsyan ənənəvi tezisini təkrarlayır, halbuki Rusiyaya ağız açan elə Ermənistanın özü olub.

Sarqsyanın sözlərindən belə çıxır ki, aprel döyüşlərində Azərbaycan hücum edən tərəf olub. Amma martın 31-dən etibarən Ermənistan cəbhəboyu ərazilərdə təxribatlar törədir, mövqelərimizə hücumlar edir, təkcə təmas xəttində deyil, başqa istiqamətdə də kəndləri atəşə məruz qoyurdu.

Bu isə işğalçılıq siyasətinin yeni mərhələsi idi. Bununla bağlı videokadrlar da var – hərbi obyektlərin və mülki evlərin bombardman edilməsi aşkar görünür.

Bütün bunlar Azərbaycanı əks-hücum əməliyyatlarına məcbur edir. Sarqsyan isə döyüşlər zamanı təhlükəni anlayaraq Moskvadan yardım diləyir.

Sarqsyanın Moskvaya yalvarmasının səbəbləri

Birincisi, Ermənistan Azərbaycanın başladığı əks-hücum əməliyyatlarının miqyasının geniş olacağını hesablamamışdı.

İkincisi, Ermənistanın keçilməz hesab etdiyi “Ohanyan” müdafiə xətti bir neçə saat ərzində Azərbaycan Ordusu tərəfindən yarılmışdı. Bu isə Ermənistan üçün cəhənnəm əzabı idi.

Üçüncüsü, əks-hücum əməliyyatları mövqelərin strateji yerdəyişməsi baxımından Azərbaycan üçün çox önəmli idi – Lələtəpə və Talış yüksəkliklərinin işğaldan azad edilməsi Azərbaycan üçün böyük strateji üstünlük qazandırdı. Bu üstünlük 2020-ci ilin sentyabrın 27-də Azərbaycanın həyata keçirdiyi sürətli əks-hücum əməliyyatlarında mühüm rol oynadı. Mövqelərin 2016-cı ilin aprel döyüşlərində strateji yüksəkliklərə doğru çəkilməsi Vətən müharibəsində qələbəyə gedən cığır oldu. 

Dördüncüsü, Azərbaycan Ordusu dördgünlük müharibədə ən müasir silahlardan istifadə etdi, “Harop” kamikadze dronları Qarabağ səmasında şığıyaraq düşmənin canlı qüvvə və texnikalarını darmadağın etdi.

Düşmənə eyni zamanda ağır odsaçan “TOS-1A” sistemindən sarsıdıcı zərbələr endirildi.

Döyüşlərdə Azərbaycan tərəfi itki verdi, amma Ermənistanın itkiləri həddindən artıq çox idi.

Onu da xatırlatmaq yerinə düşər ki, Sarqsyan aprel müharibəsində ilk vaxtlar 400, sonralar 800 hektar ərazi itirdiklərini açıqlamışdı, amma sonradan məlum oldu ki, bu rəqəm 2000 hektardır.

Belə bir məqamda Azərbaycan Rusiyaya atəşkəs üçün müraciət edə bilərdimi?!

Ermənistan hakimiyyəti Sarqsyanın yalanını üzə çıxarır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan aprel müharibəsində ölkəsinin hücum, Azərbaycanın isə əks-hücum başlatdığını deyib.

Onun sözlərinə görə, Sarqsyan güclü əks-hücum əməliyyatlarından sonra Rusiyaya üz tutub və ərazi vədləri verib.

Ərazi vədləri ilə bağlı açıqlama isə məntiqli görünür. 2016-cı ilin yayında Ermənistandakı radikal “Sasna Tsrer” qruplaşması Qarabağın veriləcəyini bildirərək hüquq-mühafizə orqanlarının binalarını ələ keçirmişdi.

Armen Qriqoryanın dediklərindən belə nəticəyə gələ bilərik ki, Sarqsyan aprel döyüşlərindən bərk qorxuya düşüb. Buna görə də Armen Qriqoryan deyir ki, erməni tərəfinin vədlərindən sonra aprel müharibəsi dayandırıldı.

“Həmin vədlərin 2016-cı ilin yayında yerinə yetirilməsinə dair müəyyən qrafik də nəzərdə tutulurdu. Lakin həmin ilin yayında “Sasna tsrer” qiyamı baş verdi və Serj Sarqsyan bundan istifadə edərək verdiyi vədlərin yerinə yetirilməsini 2017-ci ilin aprelinə qədər, sonra isə hakimiyyətdən gedənə qədər uzatdı”.

Sarqsyan 44 günlük müharibədən sonra özünə xal qazanmaq üçün “aprelə” baş vurur. Həmin zamankı situasiyanın mahiyyətini və faktları təhrif etməklə aprel döyüşlərində uduzduqlarını həzm edə bilməmək əzabını dilə gətirir.

Bu əzablar üzərindən isə özünü populyarlığa mindirmək istəyir, lakin erməni cəmiyyətinin tənəsinə tuş gəlir.

Sarqsyan bütün məsuliyyəti Baş nazir Nikol Paşinyanın üzərinə yıxmaq istəyir, özünün təqsir və korrupsioner əməllərini, strateji səhvlərini kənara qoyur. Bu, onun şöhrət qazanmaq üçün son çırpınışlarıdır. Ermənistan xalqı gözəl bilir ki, məhz Serj Sarqsyan və onun sələfi, dirijoru Robert Koçaryanın dövründə ordu quruculuğu adı altında hansı maxinasiyalara yol verilib. Azərbaycanın Qarabağda məhv etdiyi ordu Sarqsyan-Koçaryan cütlüyünün mirasları idi, bu mirasa isə Nikol Paşinyan əlavə “eksponatlar” qoymuşdu...

Aqşin Kərimov