“Qarabağ Zəfəri” rəsm müsabiqəsinin nəticələri elan olunub - FOTO

18:00 17-02-2021 18

Azərbaycan Respublikasının Gənclər Fondu və Türkiyə Gənclər Fondunun ortaq layihəsi olaraq ötən ilin 15 dekabr 2020-ci il tarixində elan olunan, vətənimizin Qarabağ zəfərini türkiyəli və azərbaycanlı gənclərin gözü ilə görmək və hər iki ölkə gəncləri arasında qardaşlıq duyğularını daha da möhkəmləndirmək məqsədi ilə elan edilmiş “Qarabağ Zəfəri” adlı rəsm müsabiqəsinin qalibləri müəyyən edilib.

Müsabiqə müddətində ölkəmizin müxtəlif şəhər və rayonlarından 14-17 yaş aralığında ümumilikdə 200-dən çox gənc öz rəsm əsərləri ilə müraciət edib.

Rəsm əsərlərinin qiymətləndirilməsi məqsədi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının peşəkar professor heyətindən - xalq rəssamları Fuad Salayev, Səlhab Məmmədov və əməkdar rəssam Azad Zeynalovdan ibarət münsiflər qrupu təşkil olunub.

Qiymətləndirməyə əsasən ilk üç yerin qalibləri olaraq, birinci yerin sahibi Əliquliyeva Sevinc Əliqulu qızı, ikinci yerin sahibi Həsənli Məhluqə Rövşən qızı, üçüncü yerin sahibi isə Bayramlı Ayla Emil qızı müəyyən edilib. Hər üç qalib mükafat olaraq Türkiyəyə səfər imkanı əldə edib.

Rəsmləri fərqlənən Quliyeva Nigar Yunis qızı, Fərzəliyeva Həcər Sahib qızı, İskəndərov Səid Davud oğlu, Həsənli Ləman İlqar qızı, Əlizadə Könül Etibar qızı, Hacılı Əminə Rəşad qızı və Allahverdiyeva Fidan Yaşar qızı isə Gənclər Fondu tərəfindən sertifikatlar və həvəsləndirici hədiyyələrlə mükafatlandırılıblar.