“Yetmiş, səksən yaşımızı biz də bayram eləyirik” deyən Nəriman Həsənzadənin 90 illiyidir - VİDEO

10:00 18-02-2021 339

Azərbaycanın xalq şairi, dramaturq Nəriman Həsənzadənin doğum günüdür.

Nəriman Əliməmməd oğlu Həsənzadə 18 fevral 1931-ci ildə Qazax rayonunda doğulub. O, bir yaşında olarkən atasını itirib. Orta təhsilini öz doğma rayonunda alıb. 1949-cu ildə Həsən Zərdabi adına Kirovabad Dövlət İnstitutunun (indiki Gəncə Dövlət Pedaqoji Universitetinin) filologiya fakültəsinə daxil olub və 1953-cü ildə həmin universiteti bitirib.

Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərir. Buranı bitirdikdən sonra Qorki adına Ədəbiyyat İnstitutuna daxil olur. Beş il orada təhsil alıb, Bakıya qayıdır. 1965-ci ildə “Azərbaycan-Ukrayna ədəbi əlaqələri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsini alıb.

1962-ci ildə Respublika Televiziya və Radio Verilişləri Komitəsində böyük redaktor, sonralar “Uşaq və gənclər ədəbiyyatı nəşriyyatı”nda redaktor, “Azərbaycan gəncləri” qəzetində, “Azərbaycan” jurnalında şöbə müdiri, “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində işləyib.

1991-2001-ci illərdə Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsində çalışıb. Azərbaycanın və Belarusun Fəxri fərmanları ilə təltif olunub.

Hazırda Azərbaycan Milli Aviasiya Akademiyasının “Humanitar fənlər kafedrası”nın müdiri vəzifəsində çalışır, dosentdir. Milli Aviasiya Akademiyası Elmi Şurasının üzvüdür. Azərbaycan yazıçıları XI qurultayında Ədəbiyyat Fondu İdarə Heyətinin sədri təyin edilib. 2002-ci ildə Beynəlxalq Elmlər Akademiyasının müxbir üzvü, 2004-cü ildə isə akademiki seçilib. “Şərəf” ordeni ilə təltif olunub və prezident təqaüdünə layiq görülüb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2005-ci ildə Azərbaycanın xalq şairi adına layiq görülüb.

Qeyd edək ki, ötən gün ölkə başçısı Nəriman Həsənzadənin “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Dünya qatır başımızı, qarışdırır aşımızı.

Yetmiş, səksən yaşımızı biz də bayram eləyirik.

HerGun.Az görkəmli şair Nəriman Həsənzadəni doğum günü münasibətilə təbrik edir!