Ərdoğan: “Qarabağ müharibəsi və pandemiya türk dünyasının birliyinin əhəmiyyətini göstərdi”

14:40 19-02-2021 357

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə prezidentinin köməkçisi Fuat Oktayın iştirakı ilə Türkiyənin paytaxtı Ankarada Türk Dünyası Metrologiya Forumu keçirilib.

“HaberGlobal” məlumat verir ki, tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın forumunun iştirakçılarına ünvanladığı məktub oxunub.

“Türk dünyası olaraq ötən müddətdə koronavirus pandemiyasına görə aralarında dostlarımızın, sevdiklərimizin də olduğu bir çox insanların itkisini yaşadıq. Amma bununla belə 30 illik işğaldan sonra Dağlıq Qarabağın təkrar ana vətənlə qovuşmasının sevincini də ürəklərimizdə hiss etdik”,  - R.T.Ərdoğanın forum iştirakçılarına ünvanladığı məktubda qeyd olunub.

Türkiyə prezidenti 44 günlük Vətən müharibəsində əldə edilən qələbəyə görə Azərbaycan xalqını növbəti dəfə təbrik edib:

“Həm Dağlıq Qarabağ müharibəsi, həm də pandemiya dövründə yaşadıqlarımız hərbdən diplomatiyaya, səhiyyədən kənd təsərrüfatına, turizmdən enerjiyə qədər hər sahədə türk dünyasının birlik, bərabərlik və həmrəyliyinin əhəmiyyətini göstərdi. Eyni dildə danışan, eyni dinə inanan, tarixi bir, mədəniyyəti bir, 300 milyonluq bir ailə olduğumuzu təkrar gördük. Qarşıdakı müddətdə bu bağları gücləndirməli, aramızdakı əməkdaşlığı daha da inkişaf etdirməliyik”.