Rusiyalı deputat: “Şuşadakı rus kilsəsinin erməniləşdirilməsi rusofobiyanın ən bədnam təzahürüdür” - FOTO

01:00 20-02-2021 385

Rusiya Dövlət Dumasının üzvü, “Vətən” partiyasının sədri Aleksey Juravlyov Qarabağın işğal altında olduğu illər ərzində Şuşadakı pravoslav kilsəsinin erməniləşdirilməsini, onun memarlıq üslubunun erməni tərzinə uyğunlaşdırılmasını rusofobiyanın təzahürü hesab edir.

Bu barədə “İnterfaks” məlumat verib.

“Rus kilsəsinin işğalı, mənəvi dəyərlərə hücum – bu rusofobiyanın ən bədnam və ən alçaq təzahürüdür. Azərbaycanın azad olunmuş ərazilərdəki səyləri hər cür hörmətə layiqdir”, - deyə deputat öz “Facebook” səhifəsində bildirib.

Qeyd edək ki, burada söhbət Şuşa şəhərindəki Müqəddəs İohan kilsəsindən gedir. Ermənistan tərəfi işğaldan sonra 1992-ci ildə onu erməni məbədi elan edib.

Rusiyalı parlamentari öz postuna kilsənin işğaldan əvvəl və sonra çəkilmiş fotoşəkillərini də əlavə edib. Fotoda kilsənin erməniləşdirilməsi məqsədilə edilmiş bir çox dəyişikliklər əyani şəkildə görünür.

Kilsənin köhnə təsvirində onun XIX əsrdən etibarən erməni işğalınadək olan dövrdəki görkəmi və burada rus pravoslav kilsəsinə xas olan, eyni zamanda erməni dini memarlıq ənənələrilə ziddiyyət təşkil edən bir çox elemetlər – gümbəz və zəng qülləsi açıq-aydın şəkildə izlənilir. Məbədin nisbətən yeni fotosunda isə həmin gümbəzin “möcüzəli surətdə” yoxa çıxdığı və onun yerinə tipik erməni konusunun peyda olduğu görünür.

Əlbəttə ki, ermənilər bütün bu dəyişiklikləri Qarabağın heç zaman azad olunmayacağı və onların əməllərinin heç vaxt üzə çıxmayacağı düşüncəsilə ediblər.  

Belə olan halda, A.Juravlyov tərəfindən dərc edilmiş fotolar faktiki olaraq Şuşadakı Müqəddəs İohan rus kisəsininin “oğurlanması” və onun qeyri-qanuni şəkildə tamamilə yeni “Xanaç jam” adıyla Erməni apostol kilsəsinə çevrilməsi üzrə erməni tərəfinə qarşı irəli sürülmüş bir ittihamdır.

Onu da bildirək ki, sözügedən postun sonunda rusiyalı millət vəkili Rizvan Hüseynovun bu hadisə ilə bağlı məqaləsinin linkini yerləşdirib.