“Ayntraxt”ı “Bavariya” da dayandıra bilmədi - VİDEO

00:00 21-02-2021 432

Almaniya Bundesliqasında XXII turun oyunları davam edir.

Tur çərçivəsində Frankfurtda baş tutan “Ayntraxt” – “Bavariya” oyunu maraqlı nəticə ilə başa çatıb.

Belə ki, Bundesliqada son 10 turda uduzmamış (8 qələbə, 2 heç-heçə) meydan sahibləri bundan öncəki həftə xal itirmiş münhenliləri bu dəfə əliboş yola salıblar.

Qarşılaşmada hesab erkən açılıb. 12-ci dəqiqədə Kamada Kostiçin ötürməsini məntiqi sonluğa çatdırıb.

31-ci dəqiqədə isə bu dəfə Kamada ötürmə verən olub. Onun hazırladığı epizodu Yunes gözəl vuruşla tamamlayıb.

“Bavariya” ikinci hissədə Leroy Sanenin ötürməsi və Levandovskinin qolu ilə hesab arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə komandaların turnir cədvəlindəki mövqelərinə təsir etməyib. Hesabında 49 xal olan “Bavariya” 1-ci, xalını 42-yə yüksəldən “Ayntraxt” isə 4-cü sıradakı yerlərini qoruyublar.