“Yaşıl Marafon” layihəsi çərçivəsində əhaliyə ağac tingləri paylanılıb - FOTO

16:40 02-04-2021 25

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” (“Yaşıl Marafon”) çərçivəsində əhaliyə ağac tinglərinin paylanması kampaniyasına start verilib.

Aprelin 2-də IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BRAVO supermarketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə “Koroğlu” m/s yaxınlığında yerləşən BRAVO hipermarketini ziyarət edən alıcılara ağac tingləri hədiyyə edilib. Əhalini ağacəkmə hərəkatında fəal iştiraka cəlb etmək, təbiətə qayğı göstərilməsini təşviq etmək, əkin prosesinə qoşulmalarını dəstəkləmək məqsədilə kampaniyanın üç gün müddətində davam etdirilməsi planlaşdırılıb. Alıcıların böyük marağına səbəb olan kampaniyanın növbəti günlər ərzində Əhmədli qəsəbəsi və "20 yanvar" m/s yaxınlığında yerləşən Bravo Hipermarketlərində də keçirilməsi və ziyarətçilərə müxtəlif növ meyvə və həmişəyaşıl ağac tinglərinin paylanması nəzərdə tutulub. 

Sözügedən tədbir zamanı tinglərin paylanması ilə yanaşı, vətəndaşlara ağacların düzgün əkilməsi, suvarılması və qulluq göstərilməsi qaydaları da izah olunub.

Tədbirin yekununda gənc könüllülərin iştirakı ilə ağacəkmə aksiyası keçirilib. 

Qeyd edək ki, “Yaşıl Marafon” layihəsinin əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağac əkilməsini təşviq edərək ətraf mühitin mühafizəsinə, o cümlədən ölkəmizin flora biomüxtəlifliyinin artırılmasına, yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir. Layihə əkin mövsümü müddətində bir milyona yaxın ağac əkilməsini, yaşıllıq sahələrinin artırılmasını hədəfləyir. 

Layihə tərəfdaşları hər kəsi yaz əkin mövsümünü ətraf mühit naminə dəyərləndirməyə, planetimizin mühafizəsində xüsusi fəallıq göstərməyə, yaşıllaşdırma səylərinə fəal qoşulmağa çağırır.