Şanlı Aprel döyüşlərinin qaziləri ilə könüllülərin görüşü baş tutub - FOTO

13:40 03-04-2021 357

Azərbaycan Könüllü Təşkilatları İttifaqının və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə könüllülərin Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak etmiş qazilərimizlə görüş keçirilib.

Görüşdə iştirak edən qazilərimiz Sahib Vəliyev, Elşən Əzimov və Elnur Əkbərov öz döyüş yollarını, tarixi zəfərlərimizlə bağlı keçirdikləri hissləri könüllülərlə bölüşüb, eləcə də gəncləri maraqlandıran sualları cavablandırıblar.

Çıxışlarda qeyd olunub ki, şanlı Aprel döyüşləri düşmənə Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, xalqımızın birliyini və torpaqlarımızın qaytarılması ilə bağlı qətiyyətimizi ən yüksək səviyyədə göstərərək İkinci Qarabağ Müharibəsində qazanılan böyük zəfərin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun döyüşlər zamanı göstərdiyi şücaət və iradə Ermənistan ordusunu sarsıdaraq düşməni birdəfəlik geri çəkilməyə məcbur etdi.

Sonda informasiya cəbhəsində əldə olunan uğurların rolu xüsusi vurğulanıb və qazilər gəncləri bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında fəal olmağa, Vətənimizi hər bir sahədə layiqincə təmsil etməyə çağırıb, öz tövsiyələrini bildiriblər.