Samir Poladov: “İrəvan Şuşanı “İskəndər”lə şəhər azad edildikdən sonra vurub”

20:00 03-04-2021 29

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Calibre.Az-a müsahibə verib.

Samir müəllim, Azərbaycan Respublikası Minatəmizləmə Agentliyin (ANAMA) Ermənistanın Azərbaycana qarşı “İskəndər” raketlərindən istifadə etməsi xəbəri cəmiyyətdə böyük rezonans doğurdu. Bu mövzuda fikrinizi bilmək istərdim?

Bildiyiniz kimi, Vətən müharibəsində şanlı qələbəmizdən sonra Azərbaycan Respublikasının Prezidenti,  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Minatəmizləmə Agentliyi tərəfindən işğaldan azad olunmuş ərazilərimizin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işi aparılır. Konkret olaraq işğaldan azad olunmuş Şuşa şəhərinin ərazisində Minatəmizləmə Agentliyi tərəfindən 2020-ci ilin dekabr ayından təmizləmə əməliyyatı həyata keçirilir. Bu müddət ərzində aparılmış təmizləmə əməliyyatı zamanı 234 000 kv.m (23,4 ha) ərazi yoxlanılmış, 686 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilmişdir. Həmçinin Agentliyin mütəxəssisləri tərəfindən 183 ev və həyətyanı sahə, 11 çoxmərtəbəli bina yoxlanılmış və aidiyyəti üzrə təhvil verilmişdir.

Cari ilin 15 mart tarixində Agentliyin əməkdaşları tərəfindən şəhər ərazisində aparılan təmizləmə əməliyyatı zamanı 2 ədəd partlamış raketin qalıqları aşkar edilmişdir. Agentliyin mütəxəssisləri tərəfindən raketin üzərində olan identifikasiya nömrəsinə (9M723) baxış zamanı və aparılmış əlavə araşdırma nəticəsində onun “İsgəndər-M” raketi olduğu müəyyən olunmuşdur. Bu günədək Agentlik tərəfindən Şuşa şəhəri ərazisində qeyd olunan raketlərdən birinin partlayış çalası aşkar edilmişdir. Hər iki raketin tapıldığı yerin dəqiq koordinatları artıq kütləvi informasiya vasitələrində yayılmışdır.

Məlumat üçün bildirim ki, qeyd olunan raketin NATO kod adı “SS-26 STONE”, maksimal uçuş məsafəsi 400 km, diametri 920 mm, uzunluğu 7,2 m, raketin döyüş başlığının çəkisi 480 kq-dək, başlanğıc çəkisi 3 800 kq-dır.

Samir müəllim, siz qeyd etdiniz ki, hər iki raket partlamış şəkildə aşkar edilib. İki raket atılıbsa, necə olur ki, yalnız bir çala aşkar edilib?

Bəli, hər iki raket partlamış halda aşkar edilib. Qeyd etdiyiniz məqam bizdə də suallar doğurur. Bu kimi güclü raketlərin partlaması nəticəsində müəyyən diametrdə çala və ya digər hiss edilən izlər yaranır. Qeyd etdiyim kimi, biz yalnız bir çala aşkar etmişik. Təmizləmə prosesi davam edir və yeni önəmli tapıntılar olacağı təqdirdə, əlavə məlumat verəcəyik. Elə də ola bilər ki, xoşbəxtlikdən raketlərdən biri böyük dağıntı törətməyib.  

Raketin tam gücü ilə partlamaması barədə də əsaslı ehtimallar irəli sürmək olar. Çünki raketin iddia edilən gücü ilə törədilmiş dağıntı arasında qeyri-proporsionallıq vardır. Bununla bərabər, tam gücü ilə partlama şəraitində raketin hissələri belə böyük həcmdə qala bilməzdi.

Ermənistan mətbuatında yayılan məlumatlarda “İsgəndər” raketlərinin müharibənin son günlərində, yəni Şuşa şəhərinin Azərbaycan Ordusu tərəfindən azad olunduğu ərəfədə istifadə edildiyi qeyd edilmişdir. Bu barədə nə deyə bilərsiniz?

Raketlərin konkret olaraq hansı tarixdə atıldığını demək bizim üçün bir az çətindir. Böyük ehtimalla Azərbaycan Ordusunun Şuşa şəhərini azad etməsindən sonra hərbi baxımdan çıxılmaz vəziyyətə düşən Ermənistan irəliləyən Azərbaycan Ordusunun qarşısını almaq, hərbçilərimiz arasında kütləvi tələfat törətmək məqsədilə bu raketlərdən istifadə edib. Maraqlıdır ki, başqa vaxt Şuşanı öz şəhərləri kimi təqdim etməyə can atan düşmən bir anda onu tam olaraq dağıtmağa cəhd etmişdir. Bu bir daha göstərir ki, Şuşanın ermənilərə heç bir bağlılığı yoxdur.

Eyni zamanda, bu raketlərin atılması ilə Şuşa şəhərini azad edən hərbçi qulluqçularımız arasında tələfat törətmək məqsədinə nail olunmamışdır.