İordaniyanın keçmiş vəliəhd şahzadəsi ev dustaqlığına alındığını təsdiqləyib

10:00 04-04-2021 380

İordaniyanın keçmiş vəliəhd şahzadəsi Həmzə ibn Hüseyn yerli hakimiyyəti tənqid etdiyi üçün ev həbsinə alındığını təsdiqləyib.

BBC xəbər verir ki, o, bununla bağlı videomüraciət yayımlayıb.

“Bu səhər təhlükəsizlik xidmətinin rəisi mənə bildirdi ki, iştirak etdiyim görüşlərdə hökumətin və ya kralın hərəkətlərini tənqid etdiyimə görə evi tərk etməyim və küçəyə çıxmağım, insanlarla ünsiyyət qurmağım və internetdən istifadə etməyim qadağan olunub”, - Həmzə ibn Hüseyn belə deyib.

Bununla belə, Həmzə ibn Hüseyn özünün altı dəqiqəlik videoçıxışının çox hissəsini İordaniya kralı II Abdullanın tənqid olunmasına sərf edib: “Son 15-20 ildə dövlət orqanlarında hökm sürən və getdikcə özünü göstərən idarəetmənin iflasından, korrupsiya və səriştəsizlikdən məsul olan şəxs mən deyiləm”.

Maraqlıdır ki, bir müddət əvvəl İordaniya Kral Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Yusef əl-Hüneyti bir sıra KİV-lərin Həmzə ibn Hüseynin Əmmanda saxlanılması barədə məlumatını təkzib edərək taxtın keçmiş varisinin azadlıqda olduğunu söyləmişdi.

Qeyd edək ki, 40 yaşlı Həmzə ibn Hüseyn mərhum Kral Hüseyin ibn Talalla Kraliça Nurun oğlu və Kral II Abdullahın ögey qardaşıdır. O, 1999-2004-cü illərdə İordaniyanın vəliəhdi vəzifəsini icra edib.

İndi isə taxtın varisi II Abdullah və Kraliça Ranyanın böyük oğlu, 26 yaşlı Şahzadə Hüseyn ibn Abdullahdır.