Müharibə bitməyib!

18:40 05-04-2021 364

Kubra Məhərrəmova yazır...

Həqiqətən də hələ müharibə bitməyib. Bu dəfə Qarabağ uğrunda savaş başqa müstəviyə keçib.

Torpaqlarımız işğaldan azad olunsa da, ermənilərin basdırdığı mina və sursatlardan azad olunması üçün hələ xeyli zaman və əziyyət tələb olunur. 

Ərazilərin mina və sursatlardan azad olunması nə qədər çəkəcək, bunu hətta ən təcrübəli mütəxəssis belə dəqiq deyə bilmir. Təqribi zaman kəsiyi nəzərdə tutulsa da, dünyanın ən axmaq, ən əclaf düşməni bizim qismətimizə düşdüyü üçün onların mübarizə üsulu da özləri kimi xəbis və alçaqdır. Mübarizəni belə kişi kimi apara bilmirlər.

44 gün ərzində bütün dünyanın mat qaldığı və Azərbaycan ordusunun zəfəri ilə bitən müharibənin üstündən yarım il keçir. Toplar, raketlər, mərmilər sussa da, erməninin bizim üçün qoyub getdiyi xeyli sayda “sürpriz” var. Bu sürprizləri istehsal edən ölkənin adı da bəllidir, ünvanı da. Bu başqa mövzudur. Amma yadda saxlayaq.

Bu gün Prezidentin köməkçisi - Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ictimaiyyətə bir daha bildirdi ki, erməni tərəfi minalanmış ərazilərin xəritələrini gizlətməyə davam edir. Lakin bir dəfə Azərbaycan tərəfi xəritə əldə edir və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları ərazini təmizləmək üçün əməliyyatlara başlayırlar, lakin heç nə tapılmır.

Belə çıxır ki, ermənilər heç bir beynəlxalq qaydaya riayət etmir. Nəinki xəritələri təqdim etməkdən boyun qaçırır, üstəlik bizi yalnış istiqamətə yönəldirlər.

Və əminəm ki, kənardan baxıb əclafcasına gülürlər. Amma erməni unutmasın ki, sonda gülən yaxşı gülür.

Artıq Azərbaycan tərəfinə bəllidir ki, keçmiş təmas xəttinə yaxın bəzi ərazilərdə piyadalar və tank əleyhinə minalar var. Hərbçilər deyir ki, ermənilər minaları necə gəldi, harda gəldi basdırıblar. Müəyyən tələlər var ki, onlardan da geninə-boluna istifadə olunub. Məsələn aşkar görünən minaların ətrafında gizli basdırılmış minalar olur. ANAMA-nın verdiyi məlumata görə isə, bəzən 1 kvadrat metr yerdə 4-5, 100 kvadrat metr yerdə isə 50-60 mina aşkarlanır.

Bu olduqca böyük rəqəmdir. Nəzərə alsaq ki, hər basdırılan mina partlasa, bir-iki adamın ölümünə ya da ömürlük əlil qalmasına səbəb olacaq, biz olduqca diqqətli davranmalıyıq. İlk növbədə özümüz ehtiyatlı olmalıyıq. Çünki bu gündən sonra erməninin sevinci hər basdırılan minanın partlaması olacaq. Əminəm ki, xalq olaraq bunu istəmirik.

Artıq bir neçə vətəndaşımızın ehtiyatsızlığı ucbatından minaya düşməsi kimi faktlar hamımıza məlumdur. Bir neçəsinin həyatını qutarmaq mümkün olsa da, bəziləri əbədi gözlərini yumub. Bu isə çox vaxt minaya düşən adamın kəskin qan itirməsi nəticəsində baş verir. 

Təsəvvür edin, bir ailə gizli yollarla azad olunan ata-baba ocağına gedir.  Kol-kos basmış yurd, izi-yolu bilinməyən ərazilər və qəfildən ailə üzvlərindən biri və ya bir neçəsi minaya düşür. Ya yerindəcə param-parça olur, ya da yaralanır. Əl-ayaq partlayışın gücündən qopub yerə düşür. Bu vəziyyətdə adamı o çölün düzündə hansı xəstəxanaya çatdırmaq olar? Heç hara. Ən yaxşı halda patrulda olan polisi tapınca, onların köməyi ilə hansısa tibb məntəqəsinə gedincə... Minaya düşən ya ölə, ya qala. 

Yadınıza gələr yəqin. Bir ailə 2020-ci ildə noyabrın 28-də Füzuli rayonunun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində öz şəxsi avtomobilləri ilə iki ədəd tank əleyhinə minaya düşmüşdü. ANAMA xüsusi təhlükəsizlik zolağı açaraq Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızının cəsədlərini ərazidən götürərək aidiyyəti üzrə təhvil vermişdi. Avtomobil isə konserv bankasına dönmüşdü. Minaya düşməzdən əvvəl video çəkib sosial şəbəkələrdə paylaşmışdılar. Öz yurdlarında olmalarının sevincini yaşayırdılar uzun həsrətdən sonra. Lakin bu onların 30 ildən sonra doğma yurdlarına ilk və son səfəri oldu.  Belə olmaya da bilərdi. Sadəcə səbr edib gözləsəydilər, mülki əhalinin girişi qadağan olunan təhlükəli əraziyə girməsəydilər, bəlkə də 5-6 ilə həmin yurdda yenidən ev-eşik, həyət-baca qurub yaşayacaqdılar. 

ANAMA hər gün bildirir ki, işğaldan azad olunmuş ərazilərə mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmədən mülki şəxslərin girişi qəti qadağandır. Amma yenə də gizli yollarla o ərazilərə getmək istəyən xeyli sayda insanımız var. Başına dönüm, axı bu koronavirus deyil axı, inanasan, ya yox?

Minadır, düşsən tikən də ələ gəlməyəcək. Bu “masonların”, “Amerikanın oyunu” deyil. Bu erməninin gücü çatmadığı Azərbaycan ordusu və mülki şəxslər üçün qurduğu tələdir, qisas almaq istəyidir.

Niyə bunu bilə-bilə erməninin tələsinə düşək ki? Məncə sadəcə səbr etmək lazımdır. 30 il səbr edən, bir 5 il də səbr edər. Onsuz da torpaqlarımız işğaldan azad olunan andan ANAMA dayanmadan çalışır, torpaqları mina və digər sursatlardan təmizləyir. Bu işdə yenə də canı, qanı bizimlə bir olan Türkiyə Azərbaycanın yanındadır. İnanıram ki, əl-ələ verib mümkün qədər tez bir zamanda ermənilərin basdırdığı mina və tələlərdən də canımızı qutaracağıq.

Azərbaycan dövləti bildirib ki, işğaldan azad olunan torpaqların minalardan və sursatlardan təmizlənməsi ərazilərin bərpası prosesində dövlətin əsas vəzifələrindən biridir.