Dördüncü dəfə Avropa çempionu olan atletimiz: “Tokio Olimpiadasına vəsiqə qazanmışam” - FOTO

12:00 06-04-2021 451

Ağırlıqqaldırma üzrə qadın millimizin üzvü, dünya və Avropa çempionu Boyanka Kostova dünən dördüncü dəfə qitənin ən güclüsü oldu.

Atletimiz birdən qaldırma hərəkətində 95 kq-ı qaldırmaqla bürünc, təkanla qaldırma hərəkətində isə 116 kq-la qızıl medal qazandı. O, həmçinin cəmdə 211 kq (95 + 116) nəticə göstərməklə yekun sıralamada Avropa çempionatının qızıl medalına sahib çıxdı.

HerGun.Az Bolqarıstan əsilli idmançımızdan müsahibə götürüb:

– Dünən Rusiyanın paytaxtı Moskvada keçirilən Avropa çempionatında dördüncü dəfə qitənin ən güclüsü oldunuz. Özünüzü necə hiss edirsiniz?

– Özümü çox yaxşı hiss edirəm. Hər şey əladır. Çox sevincliyəm.

– Bu, pandemiya səbəbindən bir ildən sonra keçirilən ilk yarışdır. Bu baxımdan qalib olmaq asan olmamalıdır...

– Bu yarışa hazırlıq çox yaxşı keçmişdi. Yaxşı məşq keçmişdim. Düşünürəm ki, əziyyətimin bəhrəsini də gördüm. Bu nailiyyətə görə qadın millisinin baş məşqçisi Sərdar Həsənova və şəxsi məşqçim Laçezar Kişkilova təşəkkür edirəm. Onların keçdiyi məşq sayəsində buna nail oldum. Həmçinin Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti Cahangir Əsgərova verdiyi dəstəyə görə minnətdarlığımı bildirirəm.

– Siz bu yarışdan əvvəl 59 kq çəki dərəcəsində reytinqdə 34-cü idiniz. Bu qələbədən sonra sizin Olimpiadaya vəsiqə qazandığınızı demək olarmı?

– Bəli. Bundan sonra Tokio Olimpiadasında çıxış etmək üçün hazırlaşacağam.

– Siz 2012-ci ildə London Olimpiadasında iştirak etmisiniz. Orada beşinci olsanız da (birdən qaldırmada bürünc medal qazanmışdı – S.M.), 2016-cı ildə dopinq testi pozitiv çıxdığı üçün nəticəniz ləğv edildi. Bu, Olimpiadada ikinci çıxışınız olacaq. Hədəf nə olacaq?

– Mən ora iştirak üçün getməyəcəyəm. Hədəfim Azərbaycana medal gətirmək olacaq. Buna ağır məşq və intizamla nail olmaq olar. Onu da deyim ki, dopinq sanksiyası bitdikdən sonra – 2019-cu ildə mən Belarus, Türkiyə və Qətərdə keçirilmiş lisenziya xalları verən yarışlarda da qalib olmuşdum.

– Olimpiadada əsas rəqibləriniz hansı ölkə təmsilçiləridir?

– Tayvan və Çin. Bu ölkə idmançıları çox güclüdür.

– Hazırda sizin kimi Bolqarıstandan Elis Manolova qadın güləş millimizin üzvüdür və Mariana Vasilyeva isə bədii gimnastika yığmamızın baş məşqçisidir. Onlarla tanışlığınız var?

– Elis Manolovanı tanıyıram. Səhv etmirəmsə, atası da məşqçi olmalıdır. Sonuncu dəfə mən onu 11 il əvvəl Yeniyetmələrin Olimpiya Oyunları zamanı görmüşəm. Ondan sonra görüşməmişik. Elislə heç bir əlaqəm yoxdur. Mariananı da tanıyıram.

Səbuhi Musayev