Kikboksinq rinqə qayıdır: İlin ilk turnirində dünya çempionlarımız iştirak etməyəcək - FOTO

15:40 07-04-2021 440

Kikboksinq üzrə millimizin aparıcı üzvləri ilin ilk yarışı olan “VI International Turkish Open” turnirində iştirak etməyəcək.

HerGun.Az-ın xəbərinə görə, A səviyyəli turnir WAKO-nun (Ümümdünya Həvəskar Kikboksinq Təşkilatları) Avropa Kuboku sayılır və Türkiyənin Antalya şəhərində keçiriləcək.

Ancaq bu yarışda dünya və Avropa çempionumuz Ramal Aslanov iştirak etməyəcək. O, xəstələndiyi üçün yarışa getməyəcək. Bu barədə idmançının özü saytımıza danışıb:

“Soyuqdəyməm vardı deyə, son 4-5 gün məşq edə bilmədim. Həm də yarışda iştirak edəcəyimizi gec bildik. Mən də son dünya çempionuyam. İstəmədim gedib orda uduzum. İnşallah, gələn ay (14-16 may) Belqradda “Serbian Open” turniri var. O da Avropa Kubokudur. Prestijli yarışdır, adətən ora kikboksinqin bir nömrələri gəlir. Komandamız getsə, orda iştirak edəcəyəm”.

Həmçinin veteranların yarışında dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov da iştirak etməyəcək. Onun saytımıza açıqlamasını təqdim edirik:

“Mənim Daxili İşlər Nazirliyindəki işimlə bağlı bu yarışa gedə bilməyəcəyəm. Amma iki tələbəm bu yarışda iştirak edəcək. Bunlar 57 kq çəkidə Anar Məmmədov və 60 kq-da Qiyas Şahverdiyevdir. Anar gənclər arasında dünya çempionu və böyüklər arasında dünya və Avropa ikincisidir. Qiyas isə gənclər arasında dünya və Avropa mükafatçısıdır, “Lou Kik” növündə döyüşəcək”.

Qeyd edək ki, Antalyanın Lara bölgəsində keçiriləcək Avropa Kuboku sabah start götürəcək və aprelin 11-də başa çatacaq. Kikboksinqin altı növü üzrə baş tutacaq turnirdə gənclər, böyüklər və veteranlar yarışacaq. Azərbaycan bu yarışda beş idmançı ilə təmsil olunacaq.

Səbuhi Musayev