Reyhan Camalova ABŞ-ın bir neçə nüfuzlu universitetinə qəbul oldu

13:20 08-04-2021 21

Yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu ixtira edən azərbaycanlı gənc Reyhan Camalova ali təhsil üçün qeydiyyatdan keçdiyi universitetlərdən gələn müraciətləri açıqlayıb.

HerGun.Az xəbər verir ki, R.Camalovaya qeydiyyatdan keçdiyi ABŞ-ın yeddi universitetindən müsbət cavab göndərilib:

“1.Stanford universiteti;

2. Pensilvaniya Universiteti - Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi qəbul almışam;

3. Duke Universiteti (Tam - illik 85,903 dollar təqaüdlə) - Martın ortasında erkən qəbul (likely letter) aldım;

4. Brown Universiteti (Tam - illik 85,574 dollar təqaüdlə);

5. Amherst Kolleci (Tam - illik 84,168 dollar təqaüdlə) - Martın 5-də erkən qəbul (early write) alan 200 şagirddən biri oldum;

6. Toronto Universiteti Viktoria Kolleci, Fiziki və Riyazi Elmlər (Physical and Mathematical Sciences);

7. Toronto Universiteti Skarboro filialı, Co-op Menecment (Co-op Management BBA)”.

19 yaşlı Reyhan Camalova HerGun.Az-a açıqlamasında sadalanan universitetlər arasında hələ seçim etmədiyini deyir:

“Universitetlərdən gələn müsbət cavablar məni çox sevindirdi. Sevincimi hər kəslə bölüşdüm. Hələ ki, seçim etməmişəm. Seçim etmək üçün may ayının 1-nə qədər zamanım var. Seçdiyim universitet hansı olursa-olsun, təhsil ocağında qazanacağım biliklər, təcrübələr və əlaqələr ilə özümü cəmiyyətə faydalı, vətənimə və dünyaya xeyirli qlobal bir lider kimi yetişdirəcəyəm!”

Qeyd edək ki, 2002-ci ildə Qubada anadan olan Reyhan yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Reyhan Camalova Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində öz ixtirası ilə diqqəti çəkib.

Könül Cəfərli