Nazir: “Hələ də qeyri-formal məşğulluğun ölkəmizdə ciddi faktor olaraq qaldığının fərqindəyik”

12:00 28-04-2021 291

“Hələ də qeyri-formal məşğulluğun ölkəmizdə ciddi faktor olaraq qaldığının fərqindəyik”.

HerGun.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu istiqamətdə hökumət tərəfindən işlər davam etdiriləcək. Bütün işçilər işəgötürənlər tərəfindən bədbəxt hadisələrdən sığortalanmalı olduğu halda, təəssüf ki, 2019-cu ildə bu bazarı təhlil edən zaman Əməkhaqqı Fondunun 11 milyard manat olmasına baxmayaraq sığorta haqqı olaraq cəmi 32 milyon manat vəsait ödənildiyini müşahidə etmişik:

“Bu rəqəm Əməkhaqqı Fondunun cəmi bir faizini təşkil edir. Yəni, əmək bazarında işləyən şəxslərin üçdə biri sığortalanıb. Bununla bağlı biz sığorta şirkətləri ilə birgə memorandum imzaladıq. Nəzarət mexanizmi vasitəsi ilə son bir il ərzində 30 faizə qədər artıma nail olduq. Növbəti bir-neçə il ərzində bu rəqəmi Əməkhaqqı Fondunun 80 faizinə qədər artıracağıq. Bununla da əmək müqaviləsi ilə işləyən şəxslərin mütləq əksəriyyətinin bədbəxt hadisələrdən icbari sığortası təmin olunacaq. Bu isə onların müalicə və müayinəsinin düzgün aparılmasına tam zəmanət verəcək”.

Sahil Babayev əlavə edib ki, 2020-ci ildə təsis edilən Əməyin Təhlükəsizliyinin Standartlaşdırılması üzrə Texniki Komitə əməyin müxtəlif istiqamətləri üzrə texniki standartları yeniləyir.

Nazir qeyd edib ki, Əməyin Mühafizəzi Mərkəzinin yaradılması da nəzərdə tutulur ki, bununla bağlı sənədləşmə işləri aidiyyəti qurumlara təqdim edilib. 

Nigar Məmmədova