Hər bir işçinin evinə sağ və salamat qayıtması təbii haqqıdır

16:20 28-04-2021 452

Əsrlər boyu davam edən iri miqyaslı kəşflər, sənaye inqilabları, səmərəsini yalnız rəqəmlərlə ifadə edə bilməyəcəyimiz meqalayihələr, hər bir sahədə tətbiq edilən yeniliklər və işimizi rahatlaşdıran texnologiyalar yer kürəsinin yükünü bir o qədər də ağırlaşdırıb. Bu gün artıq “ətraf mühit olmadan insan da olmaz” fərqindəliyi yaranıb. Eləcə də, sağlam cəmiyyət üçün sağlam insan kapitalı da şərt halına gəlib. Bu gün işlərin hansısa formada davam etməsindən daha vacib olan məsələni görülən işlərin ətrafa, birbaşa və ya dolayısıyla insanın mənəvi və fiziki sağlamlığına təsiri təşkil edir.

İşçilərin sağlam və təhlükəsiz əmək şəraitinin təşkili hər zaman sənayedə fəaliyyət göstərən bütün qabaqcıl şirkət və təşkilatların prioriteti hesab edilib və bu gün də “əvvəlcə təhlükəsizlik” şüarı aktuallığını qoruyub saxlamaqdadır. Əsas diqqəti insanların taleyinə, onların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına yönəltmək üçün Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel tarixi “Ümumdünya Əməyin Mühafizəsi” günü kimi elan olunub.

“Ümumdünya Əməyin Mühafizəsi Günü”nün təsis olunması cəmiyyətin diqqətini işçilərin sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunması, istehsalat qəzalarının qarşısının alınması üçün preventiv tədbirlərin görülməsi məsələlərinə cəlb etməkdir. Ümumiyyətlə, bu günün keçirilməsi ideyası ilk dəfə 1989-cu ildə Amerika və Kanada zəhmətkeşləri tərəfindən irəli sürülüb. Əsas məqsəd isə 28 aprel tarixinin iş yerlərində həlak olan və zərər çəkmiş işçilərin “Xatirə günü” kimi qeyd olunmasından ibarət idi. Bu təşəbbüs Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dəstəklənib və 2003-cü ildən etibarən qeyd olunmağa başlanılıb. Hazırda dünyanın 100-dən çox ölkəsində qeyd edilir.

Azərbaycan Respublikası 12 may 1992-ci ildə Beynəlxalq Əmək Təşkilatına üzv olmaqla yanaşı, onun 57 Konvensiyasına qoşularaq burada təsbit olunmuş prinsip və normaları da qəbul edib.

Təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq hər bir müəssisənin işəgötürəni müəssisənin istehsal etdiyi məhsuldan, gördüyü işdən, göstərdiyi xidmətdən asılı olmayaraq işçilərinə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraiti yaratmalıdır. İşəgötürən həmçinin işçilərin əməyin mühafizəsi normaları, qaydaları və standartlarına əməl etmələrinə daim diqqət yetirməlidir.

Beynəlxalq Əmək Təşkilatının bu il üçün “Ümumdünya Əməyin Mühafizəsi Günü” ilə bağlı irəli sürdüyü mövzu illər əvvəl ulu öndər Heydər Əliyevin dediyi və bugün SOCAR-ın devizinə çevrilmiş “bir hadisənin qarşısını almaq, o hadisənin nəticələrini aradan qaldırmaqdan daha asandır” frazası ilə eynilik təşkil edən “böhranların qarşısını almaq, preventiv və cavab tədbirləri görmək, dayanıqlı Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) sisteminə yatırım etmək” başlığı altındadır. Təşkilatın mesajı, əsas diqqəti öyrənilən dərslərə və təcrübələrə əsaslanaraq qarşılaşa biləcək mümkün böhranlara qarşı dayanıqlılıq yaratmaq üçün milli SƏTƏMM sistemlərini gücləndirmək strategiyasına yönəltməkdir. Qeyd edilən mövzu SOCAR-da SƏTƏMM sistemində tətbiq edilən fəaliyyətlərlə uyğunluq təşkil edir.

Dünya üzrə 3 milyard işçinin fəaliyyət göstərdiyi ehtimal edilir. Onların əməyinin ətraf mühitə təsiri sözsüz ki, heç də az deyil. İşçilərin fəaliyyətinin təhlükəli şəraitdə təşkili birbaşa onların və yaxınlarının həyatına, eləcə də ətraf mühitə təsiri qaçınılmazdır. Hər bir işçinin evinə sağ və salamat qayıtması təbii haqqıdır. Sağlamlıq dedikdə isə söhbət təkcə fiziki deyil, eləcə də psixoloji sağlamlıqdan gedir. Ayrı-ayrı şirkətlər bunu təmin etməkdə məsuldurlar. Bu tədbirlərin kompleks şəkildə təmin olunmasına nəzarət funksiyası isə şirkətlərin xüsusi bir şöbəsi olan Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi (SƏTƏMM) tərəfindən həyata keçirilir. Ətraf mühitin qorunması ilə yanaşı, iş mühitində təhlükəsizlik qaydalarının tətbiqi və onlara riayət edilməsinə məsul olan şöbə SƏTƏMM adlanır.

İndiyədək SOCAR-da əməyin təhlükəsizliyi üçün bir çox fərqli fəaliyyətlər həyata keçirilib, proqramlar qəbul edilib. Ötən müddətdə SOCAR-da Böhran Vəziyyətlərinin və Fövqəladə Halların idarə olunması planının hazırlanması, Vizualizasiya Mərkəzinin istifadəyə verilməsi, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlərlə əməkdaşlıq çərçivəsində təcrübə mübadiləsinin aparılması, risk idarəetməsində yeni metodların, bizi qoruyan qaydaların tətbiqi, əməliyyatların bütövlüyünün və biznesin davamlığının təmin edilməsi və s. bu kimi digər yeniliklər dayanıqlı və davamlı biznes fəaliyyətinin həyata keçirilməsi üçün tətbiq edilir.

Təhlükəli hadisələr, aktivlərin itirilməsi, biznesə mənfi təsirlər, əməliyyat xərclərinin artması, təhlükəli maddələrin ətraf mühiti çirkləndirməsi, risklərin qiymətləndirilməsi, vahid prosedur qaydalarına əməl edilməməsi, qaydaların və keyfiyyət standartlarının tələblərinin pozulması, idarəetmədə yanlış qərarvermə kimi neqativ halların qarşısının alınmasına yönələn “Bizi Qoruyan Qaydalar”ın tətbiq edilməsi SOCAR-ın korporativ SƏTƏMM üzrə idarəetmə sisteminin təkmilləşdirilməsi və rəqabət qabiliyyətli beynəlxalq neft şirkətinə çevrilməsi istiqamətində atılan mühüm addımlardandır.

Eyni zamanda SOCAR-da COVID-19 infeksiyasının işçilərin sağlamlığı və əməyin mühafizəsi üçün yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə SƏTƏMM sahəsində zəruri təxirəsalınmaz tədbirlər görülüb.

Bədbəxt hadisə və qəzaların baş vermə ehtimallarını qiymətləndirib, önləyici tədbirlər görərək onların qarşısını almaq və  daima fövqəladə vəziyyətlərə hazırlıqlı və möhkəm olmaq təmannası ilə “Ümumdünya Əməyin Mühafizəsi Günü” münasibətilə hər bir əməkdaşımızı təbrik edir, sağlam və təhlükəsiz iş həyatı arzu edirik.