Lerikdə qətlə yetirilən üç uşaq anasının kimliyi AÇIQLANDI

11:00 29-04-2021 341

Lerikdə boğazı kəsilərək qətlə yetirilən qadının kimliyi məlum olub.

Bununla bağlı Lerik rayon prokurorluğu məlumat yayıb. 

Bildirilib ki, aprelin 28-də saat 16 radələrində Lerik rayonun Barzavu kəndində 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Z.Fərziyeva üç uşaq anası olub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır.