ABŞ baş diplomatının İlham Əliyevə zəngi: Vaşinqtonun postmüharibə dövrü üçün niyyətləri – TƏHLİL

14:20 29-04-2021 501

Amerika Birləşmiş Ştatları Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra yaranan yeni geosiyasi reallıqda rəqibi Rusiyanı Cənubi Qafqazda neytrallaşdırmaq üçün təşəbbüsü ələ almaq istəyir.

Aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığında ABŞ xarici siyasət idarəsinin rəhbərinin dilindən səslənən bəyanat belə deməyə əsas verir.

İlham Əliyevlə Entoni Blinkenin telefon danışığını hər iki tərəfdən yayımlanan rəsmi məlumat əsasında tutuşdurub təhlil edək.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumatında qeyd olunur ki, İlham Əliyev, regionda kommunikasiyaların açılmasının önəmini vurğulayıb və uzunmüddətli sülhün təmin edilməsi ilə bağlı Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

İlham Əliyev və ABŞ dövlət katibinin ATƏT-in Minsk qrupunun gələcək fəaliyyəti ilə bağlı da fikir mübadiləsi apardığı da bildirilib.

ABŞ Dövlət Departamentinin açıqlamasında isə qeyd olunub ki, Entoni Blinken regionda bütün millətlərə fayda verəcək davamlı sülhə nail olunması məsələsinə toxunub. Buna görə həmsədrlər tərəfindən danışıqlar aparılması üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Görünən budur ki, Bayden administrasiyası Cənubi Qafqaza ABŞ xarici siyasətində layiq olduğu əhəmiyyəti vermək üçün rıçaqları işə salır.

ABŞ Prezidenti Co Bayden administrasiyasının Cənubi Qafqazla bağlı siyasi kursunu Moskva ilə Vaşinqton arasında gərginləşən münasibətlər kontektstində nəzərdən keçirəndə Vaşinqtonun strateji niyyətlərini başa düşmək olar.

Ağ Evin perspektiv siyasi hədəflərində Cənubi Qafqaza coğrafi bağları təmin etmək dayanır. Bunun üçün müxtəlif versiyalar nəzərdən keçirilə bilər, məsələn NATO qüvvələrinin Cənubi Qafqazda bərqərar olması və bununla da ABŞ-ın hərbi iştirakının gücləndirilməsi hər zaman Vaşinqtonun strategiyasında xüsusi yer tutub.

Ancaq Rusiyanın bölgəyə coğrafi yaxınlığı Moskvaya proseslərdə birbaşa iştirak etmək kimi strateji üstünlük verir. İndi “Vaşinqtonda Rusiyanın bütün regionda, o cümlədən Cənubi Qafqazda təsir dairəsini daraltmaq planları masa üzərindədir” deyə bilərik.

Hələlik, NATO üzvü Türkiyə Qarabağdakı postmüharibə dövründəki proseslərdə birbaşa iştirak edir, bu, detalları çıxmaq şərtilə bütövlükdə Amerikanın və NATO-nun maraqlarına zidd deyil.

ABŞ Minsk Qrupunun həmsədri kimi postmüharibə dövrü üçün təşəbbüsü ələ almaq istəməsinin kökündə həm də geosiyasi üfüqlərdə açılan yeni iqtisadi imkanlardan faydalanmaq dayanır.

ABŞ istəyir ki, regionda kommunikasiyaların açılmasından yararlansın. Necə? Hələlik bu barədə dəqiq mühakimə yürütmək çətindir. Lakin görünən budur ki, ABŞ Zəngəzur dəhlizini Orta Asiyayaya açılan iqtisadi panorama kimi dəyərləndirir.

Vaşinqton Cənubi Qafqazı ABŞ-ın maraqlarının təmin olunması üçün vacib region kimi qiymətləndirir və münaqişədən sonrakı dövrdə maraqlarını mütləq Azərbaycanın siyasi xətti ilə uzlaşdırmalıdır.

Vaşinqton, həmçinin uzunmüddətli sülhdən ötrü danışıqlar prosesinə başlamaq üçün bütün mübahisəli məsələlərin həlli üzrə (əslində ABŞ üçün mübahisəli) Bakının zəmanətini almalıdır. Bura münaqişədən sonra sərhədlərin delimitasiya və demarkasiyası, məcburi köçkünlərin böyük qayıdışı, Ermənistandakı revanşist cəhdlərin boğulmasına dəstək məsələləri daxildir.

İlham Əliyevin Entoni Blinkinə uzunmüddətli sülh üçün Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Azərbaycanın isə mövqeyi bəllidir: Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə qalan erməni hərbi qüvvələri ya oradan çıxacaq, ya da yenidən “Dəmir yumruq” gündəmə gələcək. Vaşinqton ikinci variant praktiki gündəliyə gəlsə belə, Azərbaycanı dəstəkləməlidir, çünki yalnız erməni separatçıların bölgədən çıxarılması regiona davamlı sülh gətirə bilər.

Uzunmüddətli sülh həm də Ermənistan hakimiyyətinin tutduğu mövqedən və yürütdüyü siyasətdən asılıdır. Vaşinqton bunun üçün Ermənistana da təzyiqlər edə bilər, çünki regiondakı iqtisadi açılımlar ABŞ-a yeni faydalar gətirir.

Aqşin Kərimov