FIDE prezidenti Azad Rəhimovun vəfatı ilə əlaqadar başsağlığı verib

16:00 02-05-2021 324

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.

“Report” xəbər verir ki, rusiyalı funksioner belə bir insanın dünyasını dəyişməsini təkcə Azərbaycan Respublikası üçün deyil, bütün şahmat ailəsi üçün böyük itki adlandırıb.

Dvorkoviç bildirib ki, A.Rəhimov dünyada idmanın, o cümlədən, şahmatın inkişafında böyük rol oynayıb:

“Planetin hər bir guşəsindən olan şahmatsevərlərin xatirələrində onun birbaşa iştirakı ilə ən yüksək səviyyədə təşkil olunmuş turnir və forumlar - Ümumdünya Şahmat Olimpiadası, FIDE Konqresi, Dünya Kuboku, İddiaçılar Turniri, Qran-pri mərhələləri, Prezident Şurası və s. qalıb. Fəal işi sayəsində dünyada ilk dəfə Şahmatın İnkişafına dair Dövlət Proqramı qəbul olunaraq, həyata keçirilib”.

FIDE prezidenti A.Rəhimovun xatirəsinin yaddaşlarda əbədi qalacağını vurğulayıb.

Gənclər və idman naziri aprelin 30-da ABŞ-da dünyasını dəyişib. Mərhum bu gün II Fəxri Xiyabanda dəfn olunub.

Qeyd edək ki, daha əvvəl Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili də Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib.