Nazirlikdən müşahidə edilən hava proqnozu ilə bağlı AÇIQLAMA

13:40 05-05-2021 364

“Mayın 5-i gecə saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişikliyi müşahidə olunur”.

HerGun.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi gün ərzində davam edəcək:

“Küləyin maksimal sürəti arabir 30-35 metr saniyəyə çatacaq. Axşam saatlarından başlayaraq küləyin tədricən zəifləyəcəyi gözlənilir. Mayın 6-sı səhər mülayim cənub küləyi ilə əvəz olunacaq”.

O qeyd edib ki, bölgələrdə də bu gün ərzində yağıntılı hava şəraiti davam edəcək:

“Bəzi yerlərdə şimşək çaxacaq, arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Mayın 6-sı səhər saatlarından başlayaraq yağıntının kəsəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir”.

İlhamə Əbülfət